"Vətən səsi" xəbər verir ki, bunu ləğv edilmiş separatçı rejimin sonuncu lideri Samvel Şahramanyan İrəvanda jurnalistlərə açıqlamasında deyib. O, Ermənistanın Azərbaycana qarşı ərazi iddiasından əl çəkməsinin yeganə düzgün yol olduğunu etiraf etməklə Baş nazir Nikol Paşinyanın yürütdüyü siyasəti təqdir edib.
Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan bundan əvvəl dəfələrlə Qarabağ məsələsinin ölkəsinin üzərində əlavə yük olduğunu söyləmişdi. O, çıxışlarında tez-tez vurğulayır ki, Ermənistan Qarabağa qarşı iddialarından əl çəkəndən və bu məsələ həllini tapandan sonra Ermənistan həqiqi tam müstəqilliyinə qovuşa bilər. Separatçı Samvel Şahramanyan isə gec də olsa, bu açıqlaması ilə Paşinyanın dediklərini dolayısı ilə təsdiqləyib.
Bununla belə, keçmiş separatçı lider hələ öz ölkəsinin hökuməti ilə münasibətləri yoluna qoya bilməyib və dediyinə görə həbs olunma təhlükəsi qalır. Şahramanyan bir neçə cinayət işinə cəlb olunduğunu da açıqlayıb: “Bu işlərdə şahid qismində iştirak edirəm. Ermənistan İstintaq Komitəsi tərəfindən çağırılsam, müvafiq qaydada məhkəməyə gələcəyəm”.
Keçmiş separatçı konkret olaraq hansı cinayət işləri üzrə təqsirləndirildiyini söyləməkdən imtina edib. Lakin Qarabağ məsələsinə görə sorğu-sual edildiyini də gizlətməyib: “Cinayət işi çərçivəsində təmin edilməli olan məxfiliyi nəzərə alaraq, ətraflı izah edə bilmərəm, amma Qarabağda baş verən son hadisələrə aiddir. Əgər məni həbs etsələr buna da hazıram və belə olsa, hər şeyi açıb deyəcəyəm".
Xatırladaq ki, rəsmi İrəvan 44 günlük müharibədəki məğlubiyyətdən sonra Qarabağın Azərbaycanın bir hissəsi olduğunu təsdiqləyib.
Elxan SALAHOV