31.07.2025, 16:17
AZ EN
09.12.2024, 17:16 268

Paşinyanın qovduğu deputat sülh danışıqlarının detallarını yayıbmış

XƏBƏRLƏR
  • Ermənistanın Baş naziri Nikol Paşinyanın hakim “Mülki müqavilə” partiyasının deputatı Ovik Ağazaryanı təmsil olunduğu siyasi təşkilatdan qovmasının detalları açıqlanıb. O, Paşinyanın Azərbaycan prezidenti İlham Əliyevlə Kazanda apardığı danışıqlarını detallarını ictimaiyyətə açıqlayıbmış.

“Vətən səsi” xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan dünən jurnalistlərlə söhbətində bildirib. O, hakimiyyət partiyasından xaric edilən Ovik Ağazaryanın deputat kimi davranışlarından narazılığını ifadə edib: “Baş nazir Nikol Paşinyan Azərbaycan prezidenti Əliyevlə görüşün təfərrüatlarını parlamentdə bizə danışır, dövlət sirri olan məlumatları deputatlarla bölüşür, Ovik Ağazaryan isə deputat kimi məsuliyyətini dərk etmədən burada danışılan hər şeyi ictimaiyyətə açıqlayır. Məgər bu yaxşı haldır? Biz məlumatların haradan sızdırıldığını anlamaq üçün xeyli axtarış apardıq. Araşdırmalardan sonra məlum oldu ki, Ovik Ağazaryan hər şey açıqlayıb. Ona görə də Baş nazir ona təklif etdi ki, könüllü şəkildə istefa versin”.

Alen Simonyan deyib ki, hakim partiya bu məsələ aşkara çıxandan sonra deputatın davranışını bağışlaya bilməzdi: “Çünki söhbət Ermənistanın təhlükəsizlik məsələlərindən gedir. Məgər hər şey olduğu kimi qalmalı idimi?”.

Simonyan hakim partiyanın parlament fraksiyasının deputat Ovik Ağazaryanın hərəkətlərindən pərişan olduğunu da gizlətməyib: “Biz kənardan gələn məlumatları eşidən kimi sızma ilə bağlı narahat olduq. Biz sızdırmanın kim tərəfindən edildiyini isə bilmirdik. Bir müddət əvvəl elə hallar olub ki, Azərbaycanla danışıqlar nəticəsiz qalıb, razılaşmaları pozduğumuz, nəsə ucadan danışdığımız, sızıntılar etdiyimiz üçün münasibətlər də pisləşib. Bundan sonra gedin sübut edin ki, bu fraksiya üzvü müsahibə verib və ya məlumatı qəsdən deyil, səhvən açıqlayıb”.

Spiker vurğulayıb ki, əgər deputat Ovik Ağazaryan öz hərəkətlərindən utanmırsa, qoy telefonundakı gizli yazışmaları dərc etsin. Simonyan əmindir ki, Ağazaryan Paşinyanın xahişi ilə mandatını tərk etsə, yenə də nəticələrdən qaça bilməyəcək: “Birinin digəri ilə əlaqəsi yoxdur. Mandat xilas etmir”.
 
Xatırladaq ki, Ovik Ağazaryan dövlət və partiya əhəmiyyətli məxfi məlumatları sızdırdığına, habelə etik normaları kobud şəkildə pozduğuna görə hakim “Mülki müqavilə” Partiyasından xaric olunub. Partiyanın İdarə Heyəti bu qərarı Paşinyanın bir neçə gün əvvəl parlament rəhbərliyi və hökumət üzvləri ilə keçirdiyi görüşdə səsləndirdiyi fikirlərdən sonra çıxarıb. Baş nazir özü şəxsən Ovik Ağazaryana mandatını da təhvil verməyi təklif esə də, deputat təklifi qəbul etməyib. O, baş prokurorun onun toxunulmazlıqdan məhrum edilməsi məsələsini qaldıra biləcəyini istisna etmir.
 
Elxan SALAHOV

Oxşar xəbərlər