10.10.2024, 14:13
AZ EN
12.09.2024, 21:46 173

Qərbi Azərbaycan Xronikası: “Mühacir hökumət ideyası Ermənistanı lərzəyə gətirdi”

XƏBƏRLƏR
  • Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

“Mühacir hökumət ideyası Ermənistanı lərzəyə gətirdi” adlı süjetdə Qərbi Azərbaycan İcmasının mühacirətdə hökumətin yaradılması təşəbbüsü ilə çıxış etməsinin Ermənistanda ciddi qorxulara səbəb olmasından bəhs edilir.

Bildirilir ki, Qərbi Azərbaycan torpaqları hesabına yaradılan indiki Ermənistanın əraziləri hadisələrin inkişafında ən yaxşı halda XX əsrin əvvəlində mövcud olan 9-10 min kvadratkilometrə qədər azalacaq, ən pis halda isə bu dövlət coğrafiyadan silinəcək: “Ermənilər bunu yaxşı anlayırlar və qorxularının kökündə məhz inkar etməyə çalışdıqları Qərbi Azərbaycan reallığı, Qərbi Azərbaycan mühacirət hökumətinin yaradılması zərurəti dayanır”.

Qeyd olunur ki, Ermənistanda Qərbi Azərbaycan mühacirət hökumətinin yaradılması təşəbbüsünü bu ölkəyə qarşı ərazi iddiası kimi qiymətləndirirlər: “Bu, beynəlxalq ictimai rəyi yanlış yönləndirmək və azərbaycanlıların geriqayıdış hüququnun qarşısını almaq məqsədi daşıyır. Əslində mühacirətdə hökumətin yaradılmasının başlıca prioriteti 1 milyon azərbaycanlı qaçqının öz doğma yurdlarına qayıdış hüququnun təmin edilməsi ola bilər və beynəlxalq hüquq bunu təsbit edir. Ermənistan beynəlxalq hüququn subyekti olaraq bunu təmin etməyə borcludur”.

Süjetdə erməni politoloq Beniamin Matevosyanın fikirlərinə də yer verilir. Onun sözlərinə görə, Qərbi Azərbaycan mühacirət hökumətinin yaradılması baş verəcək və bu, Ermənistan hakimiyyətinin siyasi səriştəsizliyinin nəticəsidir: “Rəsmi Bakı azərbaycanlıların geri qayıdışını, yəni Ermənistanda məskunlaşmalarını tələb edir. Bəllidir ki, bu qayıdış reallaşandan sonra azərbaycanlılar üçün ən yüksək səviyyədə özünüidarəetmə strukturunun yaradılması tələbi irəli sürüləcək”.

Diqqətə çatdırılır ki, Qərbi Azərbaycan mühacirət hökuməti gündəmə gələndən sonra Ermənistanda bu ölkənin ərazisinin 10 min kvaratkilometr olduğunu əks etdirən xəritələr tirajlanır.

Sonda vurğulanır ki, Qərbi Azərbaycana qayıdış qaçılmaz perspektivdir, bunu Ermənistanda da anlayırlar və təşvişə düşmələrinin səbəbi də budur: “Ermənistan gec-tez beynəlxalq hüquq əsasında soydaşlarımızın təhlükəsiz şəkildə öz evlərinə qayıdışını ya təmin edəcək, ya da Azərbaycan beynəlxalq hüququ və tarixi ədaləti özü bərpa edəcək. Bu halda Ermənistanın ərazisi ən yaxşı halda 10 min kvadratkilometrə qədər azalacaq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır. (Report)

Oxşar xəbərlər