“Çəmbərəkdə erməni təcavüzünün acı mənzərəsi” adlı süjetdə oğuz türklərinin qədim yaşayış məskəni olan indiki Ermənistan ərazisinə ermənilərin 1828-ci ildə kütləvi surətdə köçürülməsindən, bundan sonra ruslara arxalanaraq ərazinin köklü sakinləri olan azərbaycanlıları sıxışdırmasından bəhs edilir.
Bildirilir ki, Qərbi Azərbaycanda Göyçə mahalı və Qaraqoyunlu dərəsi ərazisində inzibati rayon olan Çəmbərək Ağstafaçay çayının qolu olan Getik çayının yuxarı hissəsində yerləşir. Toponimi Azərbaycan dilində şam ağacın adını bildirən “çam” sözü ilə “baraq” türk etnonimindən əmələ gəlib. Əsası 1830-cu ildə qoyulan rayonun sahəsi ilk dövrlərdə 6 kvadrat kilometr olub. Çəmbərək rayonu ərazisində malakanlar XVIII əsrin əvvəllərinə Çar Rusiyası tərəfindən köçürülüblər və 1835-1840-cı illərdə rayon Mixailovka adlanıb. Sovet dövründə isə Krasnoselo adlandırılıb. 1918-1919-cu illərədə bu ərazilər ermənilərin hücumlarına məruz qalıb, burada yaşayan azərbaycanlılar doğma yurdlarından qovulub, Ermənistanda sovet hakimiyyəti qurulandan sonra onların bir qismi geri qayıdıb.
Qeyd olunur ki, Çəmbərək rayonu Gəncə/Yelizavetpol quberniyasının Qazax qəzasının Çəmbərək nahiyyəsi kimi 1920-ci iln sonunadək Azərbaycanın tərkibində olub: “Bura ermənilər İrəvan xanlığı Çar Rusiyası tərəfindən işğal edildikdən sonra Anadoludan köçürülüb. Çəmbərək rayonunun Azərbaycandan qoparılması Ermənistanda SSR-nin qurulması ilə bağlıdır. Belə ki, XI rus ordusu Qərbi Azərbaycanda Ermənistan SSR qurduqdan sonra 1920-ci ildə Göyçə və Qaraqoyunlu, yəni 6 min kvadratkilometrlik ərazi Azərbaycandan alınaraq Ermənistan SSR-yə verilib. Bu ərazi bölgədə sovet hakimiyyəti qurulana qədər Çəmbərək adlanıb. Krasnoselo rayonu isə 1937-ci il dekabrın 31-də yaradılıb”.
Vurğulanır ki, 1988-ci ilin noyabr-dekabr aylarında Ermənistan rəhbərliyi tərəfindən rəsmi deportasiya başlayıb, ermənilərin növbəti saxtalaşdırma planları daha da asanlaşıb, müxtəlif qərarlarla rayon üzrə 20-dən çox yer adları dəyişdirilib. Nəhayət, 1995-ci il aprelin 11-də Çəmbərək rayonu ləğv edilərək Geqarkünik mərzliyinin tərkibinə daxil edilib.
Sonda diqqətə çatdırılır ki, adı və ərazisi “özəlləşdirilmiş” bu oğuz yurdlarının əsl sahibləri ermənilərin çirkli fəaliyyətinin arxasında gizlənən etnosiyasi məqsədlərin ifşasına nail olacaq və dədə-baba yurdlarında yenidən məskən salacaqlar.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır. (Report)