XİN-dən verilən məlumata görə, telefon danışığı zamanı tərəflər regionda artan gərginliklə bağlı fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov həmkarına İran tərəfindən Azərbaycan ərazisinə qarşı həyata keçirilmiş dron hücumları və yaranmış təhlükəsizlik vəziyyəti barədə ətraflı məlumat verib. C.Bayramov bu hücumların ölkənin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş qəbuledilməz addım olduğunu vurğulayıb.
Nazir Tom Berendsen vəziyyətlə bağlı narahatlığını ifadə edib, hücumları qətiyyətlə pisləyib. O, regional sabitliyin təmin edilməsinin əhəmiyyətini qeyd edib. O, bununla yanaşı Niderland vətəndaşlarının operativ qaydada təxliyəsinə göstərilən dəstəyə görə minnətdarlığını bildirib.
Telefon danışığı zamanı tərəflər həmçinin Azərbaycan ilə Niderland arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparıblar. (AZƏRTAC)