Erməni politoloq Arman Abovyan "Hraparak"da yaydırdığı "Kölgə hakimiyyəti hara və niyə tələsir?" başlıqlı məqaləsində reallığı dərk etmədiyini yenidən isbatlayıb. O, Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryanın dekabrın sonunadək Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağı ehtimalı barədə fikirlərini ermənisayağı təhlil edərək bildirib ki, belə olarsa, erməni etno-siyasi varlığı və erməni dövləti məhv olacaqdır. Anklavlar barədə də savadsızcasına fikirlər bildirən A.Abovyan bütün məsələlərdə ermənilərin mənafeyinin qorunmasını önə çəkir və hakimiyyəti tənqid edərək istefaya getməsinin vacibliyini diletantcasına tələb edir. Belə bir sərsəm fikir irəli sürür ki, hakimiyyət vaxtı uzatmağı, hərbi islahatlar keçirib ordunu gücləndirməli və öz tələblərini diqtə etməlidir. Bu isə açıq-aydın revanşdır və başlarına yeni yumruq istəyinin növbəti təzahürüdür. Xatırladaq ki, Rusiyanı ermənilərə kömək etmədiyinə görə tikanlı ifadələrlə yada salan və öz çirkin fikirlərinə şəriklərin də olduğunu xüsusi vurğulayan bu diletant politoloqun siyasi arenada reytinq göstəricisi həmişə aşağı olub və dəfələrlə tənqid edilib.
N.Qaramanlı