21.05.2024, 03:45
AZ EN
05.10.2023, 21:24 187

Paşinyanın yalanları bəlasına çevrilir - Bakıya badalağın AĞIR BƏDƏLİ

XƏBƏRLƏR
  • "Ən yaxşı Paşinyan, danışmayan Paşinyandır". Belə görürəm Ermənistan baş nazirinin son açıqlamaları bu fikirlərin aktuallığını daha da artıracaq. Siyasi portreti çizilsəydi qarışıq rənglərdən, anlaşılmayan görüntüdən ibarət olacağı zərrə qədər də istisna edilməyən Paşinyan yenə özünü təkzib etməklə, bundan əvvəlki ifadələrini yeni açıqlamaları ilə təkzib etməklə məşğuldur.

19-20 sentyabr tarixlərində Azərbaycanın Qarabağ iqtisadi rayonunda keçirdiyi lokal antiterror tərdbirlərinə kimi separatçıları üzdə dəstəkləmədiyini, mövzu rəsmi Bakı ilə İrəvan arasında sülh danışıqlarından getdiyi zaman Ermənistanın qondarma rejimlə yaxından-uzaqdan artıq bir bağlılığının qalmadığını bildirən Nikol Paşinyan bu zamana kimi oynadığı "oyunu" özü ifşa etdi.

Nikol Paşinyan dəfələrlə çıxışlarında bildirirdi ki, Ermənistan Qarabağdakı qondarma rejimə hər hansı bir dəstək vermir, Ermənistan Qarabağın "statusu" ilə bağlı məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllindən yanadır, Ermənistanın Qarabağda silahlı birləşmələri mövcud deyil, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, amma praktiki addımlar tamamilə bunun əksindən xəbər verdi.

Nikol Paşinyan dünən ölkəsinin parlamentində çıxışı zamanı açıq şəkildə bildirdi ki, "Ermənistan Respublikası son 3 ildə Qarabağa (separatçılar nəzərdə tutulur - red.) bir milyard dollardan artıq maliyyə yardımı edib”. Sual yaranır: əgər Ermənistan hakimiyyəti Qarabağ separatçılarına dəstək vermirdisə bu milyardlıq yardım, Qarabağa o zamana kimi göndərilən silahlılar və silahlar kim tərəfindən həyata keçirildi?! Əgər həqiqətən də separatçı rejim Ermənistan üçün elə əhəmiyyətli deyildisə, niyə məhz İkinci Qarabağ müharibəsindən sonra Ermənistan müdafiə naziri bir neçə dəfə Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasına səfərlər edirdi.

Aydın məsələdir ki, müdafiə naziri bütün bunları özbaşına etmirdi. Ona Qarabağa getmək əmri verən şəxs var. Bəs, görəsən Nikol Paşinyan bu absurd, sərsəm qərarlarını necə ört-basdır edə bilər?!

Qondarma rejimə siyasi dəstək də verdiyini etiraf edən Paşinyan, separatçıların özünümüdafiə imkanlarında heç bir çatışmazlıq olmadığını bəyan etməsi isə, öz üzərinə torpaq atmağa bənzəyir. Onun bu açıqlaması bir daha düşünməyə əsas yaradır ki, Ermənistan baş naziri göyərçin uçuraraq etdiyi inqilabla hakimiyyətə gəldiyi dövürdən bu yana qondarma rejimin bütün məsələləri ilə yaxından maraqlanıb, oradakı ümumi vəziyyəti vaxtaşırı diqqətlə nəzərdən keçirib.

Paşinyan parlamentdə çıxı zamanı “Bəli, mən bildirdim ki, Qarabağın mülki əhalisi üçün birbaşa təhlükə yoxdur” deməklə həm də Azərbaycanın lokal xarakterli antiterror tədbirləri zamanı mülki əhalini və obyektləri hədəf almadığını etiraf etmiş olub. Azərbaycanın mülki əhaliyə qarşı həssas davranışını etiraf edən Ermənistan baş naziri lakin bununla belə, nədənsə, Azərbaycan mərkəzi hakimiyyətinin Qarabağ ermənilərinə ərazimizdə qalıb yaşaması üçün bütün zəruri addımların atılacağını, hər bir şəraitin yaradılacağını bəyan etməsinə rəğmən, bölgədə qalmaqdan imtina edib İrəvana Laçından keçməklə yola düşən dinc insanlarla nəzakətli davranışa, humanitar ehtiyaclarını qarşılamalarına rəğmən, bütün dünyaya hay çəkdi ki, azərbaycanlılar ermənilərə, guya Qarabağa divan tutur, onlara qarşı soyqırım törədir, humanitar fəlakət vəziyyəti yaradır.

Ermənistan bölgədə sülh istəmədi, istəsəydi İkinci Qarabağ müharibəsindən sonra vəziyyəti hər gün daha da qəlizləşdirməzdi, qondarma rejimin üzərindən əlini götürüb, 44 günlük müharibədən sonra Qarabağda saxladığı hərbi birləşmələrini hələ 3 il əvvəl silahları yerə qoyub, Azərbaycan ərazisini tərk etmək barədə göstəriş verərdi. Amma bu sadalananların heç biri edilmədi, yenə son missiya Azərbaycan Ordusunun üzərinə düşdü və separatçılar ağ bayraq qaldırmağa məcbur edildi.

Qarabağda separatçılara qarşı aparılan antiterror tədbirləri çərçivəsində saxlanılanlar arasında Ermənistan Ordusunun generallarının, yüksək rütbəli hərbçilərinin adlarına rast gəlinməsi vəziyyəti daha da çılpaqlığı ilə ortaya qoydu. Təxminən bir həftə əvvəl Azərbaycanın güc strukturları Ermənistan vətəndaşı Davit Manukyanı Qarabağda törətdiyi terrorçuluq cinayətlərinə görə həbs etdi. Bu, o Manukyandır ki, Ermənistan Respublikasının silahlı qüvvələrinin hərbi qulluqçusudur, general-mayor ali hərbi rütbəsini daşıyıb. D. Manukyan ötən müddət (44 günlük müharibədən sonrakı 3 il - red.) ərzində Azərbaycan Respublikasının Qarabağ ərazisində cinayət əməllərini davam etdirərək qondarma “Dağlıq Qarabağ Respublikasının Müdafiə Ordusu komandanının birinci müavini” adı altında Azərbaycan Respublikasının ərazisində qanunsuz mütəşəkkil silahlı birləşmələrin fəaliyyətinin təşkilində və idarə edilməsində, silah-sursat, partlayıcı maddə və qurğularla təchiz edilməsində iştirak edib.

Hal-qəziyyə gün kimi aydındır. Ermənistan Ordusunun generalı İkinci Qarabağ müharibəsindən 3 il sonra Azərbaycanın əlinə keçirsə, demək ki, Nikol Paşinyanın Qarabağda Erməni silahlı qüvvələrinin hərbi birləşmələrinin olmaması ilə bağlı ağızdolusu qurduğu cümlələr də digərləri kimi yalan, saxta, reallığı özündə əks etdirmir. Bu fakt təsdiq edir ki, Ermənistan Qarabağda separatçıları həm silah, eyni zamanda canlı qüvvə ilə təchiz etmək istiqamətində bütün imkanlarından istifadə edib. Lakin rəsmi İrəvanın bu istiqamətdə atdığı bütün addımlar Azərbaycan dövlətinin qətiyyətli siyasəti və önləyici addımları ilə zamanında deaktivləşdirilib.(Trend)

Oxşar xəbərlər