21.11.2024, 20:49
AZ EN
06.07.2023, 09:55 311

Qarabağ erməniləri təlaş içərisində: “referendum” məsələsi aktuallaşır

XƏBƏRLƏR
  • Rusiya prezidenti Vladimir Putin “FSB”, Rusiya Xarici İşlər və Müdafiə Nazirliklərinə Qarabağdakı ermənilərin durumu ilə bağlı məsələ ilə ciddi məşğul olmağı tapşırıb.

 “Vətən səsi” xəbər verir ki, bunu Xankəndidə qondarma “anti-böhran şurası”nın sədri Tiqran Petrosyan bildirib. O, “xalq hərəkatı qərargahı”nın təşkilatçılığı ilə separatçı rejimin rəhbəri Arayik Arutyunyanın iqamətgahı yaxınlığında dünən keçirilən etiraz aksiyasının iştirakçıları ilə görüşdə deyib ki, Rusiya Qarabağda vəziyyətin nizamlanması üçün yeni təkliflər üzərində işləyir.

Rusiya tərəfinin Arutyunyanın Putinə yazdığı məktuba reaksiyası verdiyini deyən Petrosyan  Ermənistan baş naziri Nikol Paşinyanla Kreml rəhbəri arasında telefon söhbətinin bəzi təfərrüatlarını da açıqlayıb. Onun sözlərinə görə, Paşinyan Rusiya prezidenti ilə söhbətində Qarabağda vəziyyətin əvvəlkindən daha pis olduğunu söyləyərək Moskvadan kömək istəyib.

“Bu həftənin sonuna qədər gözləməliyik. Sülhməramlı qoşunların komandanlığına da yazılı şəkildə məlumat verilib ki, Artsaxda (Qarabağ – red) ərzaq çatışmazlığı var. Tələbimiz odur ki, Azərbaycanla Ermənistan arasındakı sərhəddə, Həkəri çayı üzərindən keçən yol ən qısa müddətdə açılmalıdır. Biz gözləyirik, əgər Rusiya 4-5 gün müddətində aktiv addımlar atmasa, onun bizə münasibəti aydın olacaq. Bizim vəziyyətin nizamlanması ilə bağlı müxtəlif təkliflərimiz var, lakin hələlik bu barədə danışmaq düzgün deyil. Çünki biz Rusiyanın hansı addımlar atacağını gözləməliyik” - , deyə Petrosyan əlavə edib.

Petrosyan bildirib ki, Rusiya tərəfi fəal addımlar atmasa, separatçı rejim öz təkliflərini Qarabağın erməni əhalisinə təqdim edəcək: ”Ola bilsin ki, son qərarı referendum yolu ilə qəbul edəcəyik. Çünki belə qərarlar başqa cür qəbul edilə bilməz”.

Petrosyan “referendum” məsələsini gündəliyə gətirməklə Qarabağın erməni əhalisinin Azərbaycana inteqrasiyası və bərabərhüquqlu vətəndaş kimi yaşamağa razı olub-olmadıqlarına qərar verməli olacaqlarına işarə edib.

Elxan SALAHOV

Oxşar xəbərlər