Ötən cümə günü erməni mətbuatına istinadən xəbər vermişdik ki, "Daşnaksütyun" partiyasının Ermənistandakı qolunun iyunun 9-da növbəti- 26-cı ali iclası işinə başlayıb və bu, ayın 11-də başa çatacaq. "Lurer.com"un bugünkü sayında dərc olunmuş xəbərlər sırasında daşnakların sözügedən iclası barədə deyilir ki, Ermənistandakı daşnakların üç illik fəaliyyəti müzakirə edildikdən sonra ölkədəki və Xankəndidəki mövcud durum müzakirə edilib, sonra isə yeni fəaliyyət proqramı qəbul edilib, həmçinin 13 nəfərdən ibarət ali orqan seçilib.
Ötən il iclaslarda davamlı olaraq iştirak etmədiyinə görə həm spikerin müavini vəzifəsindən, həm də deputatlıqdan mərhum edilən İşxan Sağatelyan erməni inqilab federasiyasının Ermənistan üzrə ali orqanının səlahiyyətli nümayəndəsi seçilib.
Bu xəbərə əlavə olunub ki, yaxın günlərdə daşnaklar yeni etiraz aksiyası keçirərək baş nazirin istefasını tələb edəcəklər. Xatırladaq ki, ötən ilin martından oktyabrınadək həmin tələblə keçirilən aksiyalar yalnız bir neçə müxalif deputatın mandatdan məhrum edilməsi ilə nəticələnmişdi.
N.Qaramanlı