22.11.2024, 01:02
AZ EN
17.01.2023, 14:50 443

Bu diqqət və qayğını unutmayacağam!

XƏBƏRLƏR
  • Stolüstü tennis üzrə on dördqat Azərbaycan çempionu Billurə Eminova Qubadlı rayonunda doğulub. Qubadlı işğal ediləndə o ikinci sinifdə oxuyurdu. 1993-cü ildə doğma rayonlarının işğalından sonra ailəsi ilə Sumqayıtda məskunlaşıb. Billurənin idmana həvəsi də elə Sumqayıtda təhsil aldığı 15 nömrəli məktəbdə oxuyarkən başlayıb. Belə ki, o stolüstü tennis üzrə idman oyunlarında yaşıdları arasında xüsusilə fərqlənib.

Billurə xanım deyir ki, onda lap uşaqlıqdan idmanda uğur qazanacağına böyük inam olub. Onun idmançı kimi ilk müəllimi Gülnarə İbrahimovadır.  Bu sahədə böyük uğurlar qazanmasında isə tanınmış məşqçi Yura Oparinin böyük rolu olduğunu söyləyir.

14 yaşından idman ustası kimi yığma komandanın kapitanı olan idmançımız dəfələrlə beynəlxalq turnirlərin qalibi olub. Bu gün ölkəmizdə stolüstü tennis idman növünün inkişafında onun da xidmətləri var. Elə buna görə də, Prezident İlham Əliyevin 2022-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə mükafatlandırdığı idmançılardan biri də B.Eminovadır.

Billurə xanım deyir ki, ötən il ölkə başçısının idman yekunları ilə bağlı idmançılarla görüşündən aldığı yüksək təəssüratlar onun yaddaşında silinməz izlər qoyub: “Çox həyəcanlı anlar idi. Cənab Prezident ölkəmizdə idmanın inkişafındakı xidmətlərinə görə əməyimi yüksək qiymətləndirərək  ailəmizə mənzil hədiyyə etdi. Ömrüm boyu bu diqqət və qayğını unutmayacağam”.

B.Eminova deyir ki, onun ilk böyük uğuru 2000-ci ildə olub. Belə ki, həmin il qadınlar arasında keçirilən respublika çempionatında o, birinciliyi qazanaraq ölkə çempionu titulunu qazanıb. Bundan sonra onun uğurları davamlı olaraq artıb. 2009-cu ildə Latviyada keçirilən beynəlxalq turnirdə üçüncü yeri tutaraq bürünc medala layiq görülüb. Elə həmin il Rusiyada 9 may Qələbə gününə həsr olunmuş beynəlxalq turnirdə birinci yerə çıxaraq qızıl medala sahib olub. 2010-cu ildə isə Ankarada təşkil olunan Birinci Türk Dünyası Universiteti Spor Oyunlarına qatılıb. Bu məsul yarışda milli komandanın tərkibində üçüncü, şəxsi görüşlərdə isə ikinci olub. O, Rusiyada da keçirilən nüfuzlu beynəlxalq turnirdə şəxsi görüşdə birinci yeri tutub.

Qeyd edək ki, Billurə xanım bu gün qazandığı uğurlara qədər gəldiyi yollarda çox əziyyətlər çəkib. Köçkünlük həyatı yaşayıb və atasını erkən itirib. Onunla bir ailədə 4 uşaq anasının ümidinə qalıb. Billurə məşqə getməyə bəzən yolpulu, əyin-baş belə tapmayıb. Onun ilk uğur qazandığı yarışa getməyə gödəkçəsi belə olmayıb. Anası öz şəxsiyyət vəsiqəsini girov qoyaraq borc pul götürüb və qızını yarışa göndərib. Qonşu İranda keçirilən həmin yarışda B.Eminva 1-ci yeri qazanaraq 100 ABŞ dolları mükafat qazanıb. İndi o, öz keçmişini xatırlayaraq bunları heç vaxt unutmayacağını söyləyir…

İdmançımız hazırda Təhsil Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbində məşqçi müəllim kimi çalışır. İndi o, müəlliminin ona öyrətdiyi tennisin sirlərini öz şagirdlərinə aşılayır. Şagirdləri çoxdur. Elə olub ki, şagirdləri onunla bərabər müxtəlif yarışlarda iştirak ediblər. Billurə xanım öz davamçıları ilə də qürur duyur. Onlardan Məryəm İmanova, Nuranə Həmzəyeva, Nərmin Nəbiyeva və Həşimli Xəyalın adlarını xüsusi olaraq qeyd edir. Deyir ki, şagirdlərimdən respublika çempionları da var. Məryəm İmanova isə 2017-ci ildə milli komandanın tərkibində İslam Həmrəyliyi Oyunlarında ikinci yerə layiq görülüb.

Bilurə xanım Azərbaycan Respublikasının və Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevə ölkəmizdə idmanın inkişafına xüsusi diqqət və qayğı göstərdiyinə görə minnətdarlığını bildirir. Eyni zamanda, Gənclər və İdman Nazirliyinə, Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti Şahin Mustafayevə və federasiyanın işçilərinə də təşəkkür etməyi unutmur. 

Onu da qeyd edək ki, Billurə xanımın gözünün ağı-qarası, yeganə övladı səkkiz yaşlı Fəruqə də, indidən stolüstü tennislə məşğul olur. O, həmçinin, rəssamlığa və basketbola böyük maraq göstərir. Evin divarına bərkidilən səbətə topları çox sərrast atmağı bacarır.

Bayrağımızı dünyada ucaldan Billurə xanıma xoşbəxtlik və yeni-yeni uğurlar arzulayırıq.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər