20.10.2024, 16:42
AZ EN
20.10.2024, 09:25 123

Şəhid jurnalistlərin xatirəsinə həsr edilən 3-cü ənənəvi minifutbol turnirinə yekun vurulub

XƏBƏRLƏR
  • 18 Oktyabr - Azərbaycan Dövlət Müstəqilliyinin Bərpası Günü və 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həvəskar komandalar arasında 3-cü ənənəvi futbol turniri başa çatıb.

Bakı Tennis Akademiyasının stadionunda reallaşan görüşdə əvvəlcə üçüncü yer uğrunda mübarizə aparan "Turan" və "Gənclər 2020" komandaları üz-üzə gəlib. Qarşılaşma birincilərin 5:4 hesablı qələbəsi ilə yekunlaşıb.

Ardınca final qarşılaşmasında "Ardanış" ilə "Göyçə" münasibətlərini aydınlaşdırıb. Həlledici matçın qalibi isə rəqibini 2:1 hesabı üstələyən "Göyçə" kollektivi olub.

Sonra Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həvəskar komandalardan ibarət 3-cü ənənəvi minifutbol turnirinin bağlanış mərasimi keçirilib.

Tədbirin təşkilatçısı, şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı, Rakus.az saytının təsisçisi, jurnalist Əsgər İbrahimov yarışın yüksək səviyyədə təşkili üçün göstərdikləri təşəbbüsə görə hamıya təşəkkür edib, bütün komandaların böyük əzmkarlıqla mübarizə apardıqlarını bildirib, tamaşaçıların yarışa göstərdikləri marağı yüksək qiymətləndirib.

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev və veteran futbolçu Maşallah Əhmədov turnirin əhəmiyyətindən danışıb, yarışların yüksək səviyyədə keçdiyini bildiriblər.

Qeyd olunub ki, Rakus.az saytının təşkilatçılığı, Bakı Tennis Akademiyasının dəstəyi ilə keçirilən turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşlarında canlarını fəda etmiş mərd mübarizlərin, eləcə də 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun timsalında erməni terrorunun qurbanı olan media nümayəndələrimizin – Çingiz Mustafayevin, Kazımağa Kərimov, Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Arif Hüseynzadə və Salatın Əsgərovanın əziz xatirəsini anmaq, yeni nəslin sağlam ruhda, vətənpərvər böyüməsinə töhfə verməkdir.

İldə bir dəfə təşkil olunan turnirin ilk ilində, yəni 2022-ci ildə 6, 2023-cü ildə 8, 2024-cü ildə isə 12 komanda –AzTv, AZƏRTAC, BAKU.WS, “Report” “Nərimanlı”, “Veteranlar”, “Turan”, “Hərbçilər”, “Gənclər 2020”, “Qoşabulaq” “Ardanış” və “Göyçə” adı altında mübarizə aparıb. Turnirdə Azərbaycan mediasını 4 komanda - AzTv, AZƏRTAC, BAKU.WS və “Report” təmsil edib. Turnir hər birində 3 komanda olmaqla 4 qrupdan ibarət olub. Qruplar üzrə xal və top hesabında 1 və 2-ci yeri tutan komandalar 1/4 finala yüksəlib. Bu oyunlarında iştirak edən 8 komandadan qalib gələn 4 kollektiv yarımfinala çıxıb. Yarımfinalda A1-in qalibi D1-in, B1-in qalibi C1-in qalibi ilə görüşüb və qələbə qazananlar finalda, məğlublar isə 3-cü yer uğurunda mübarizə aparıb. Oyunları AFFA-nın hakimləri idarə edib. İştirakçılar arasında 44 günlük Vətən müharibəsi zamanı ön cəbhədən şəhid həmkarları kimi operativ xəbərlər, reportajlar hazırlayan jurnalistlər də olub.

Turnirə informasiya dəstəyini AzTv, Baku TV, AZƏRTAC və “Report” informasiya agentlikləri, BAKU.WS portalı, Rakus.az və Manşet.az saytları göstərib.

Sonda qalib komandalara, eləcə də “ən yaxşı oyunçu”, “ən çox qol vuran”, “nümunəvi komanda” nominasiyaları üzrə kubok, medal və xatirə hədiyyələri verilib.

"Göyçə" komandasının üzvü Anar Qasımov turnirin ən yaxşı oyunçusu seçilib. Turnirdəki seyvlərinə görə isə "Ardanış" kollektivinin qapıçısı Elvin İsmayılov birinci olub.

AZƏRTAC turnirdəki nümunəvi iştirakına görə təşəkkürnamə ilə təltif edilib.

Bununla da sentyabrın 14-dən oktyabrın 19-dək davam edən şəhid jurnalistlərin xatirəsinə həvəskar komandalardan ibarət ənənəvi minifutbol turniri yekunlaşıb.

Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin, Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə AZƏRTAC İnformasiya Agentliyinin əməkdaşı, 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov, Azərbaycan Televiziyasının operatoru, 1989-cu il təvəllüdlü Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu xidməti vəzifələrini yerinə yetirərkən həlak olub, dörd nəfər yaralanıb. Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş həmin şəxsləri “3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Çingiz Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. Ermənistanın Azərbaycana qarşı təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutub. O, 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başlayıb. Çingiz Mustafayev Ermənistan-Azərbaycan müharibəsinin 1992-ci ilə qədər olan dövrünün salnaməsini yaratdı. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, hərbçilər haqda xüsusi reportajlar və bütün bunlarla yanaşı, Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllifliyi ilə yayımlanırdı. Çingiz Mustafayevin Xocalı soyqırımına dair çəkilişləri Ermənistanın həqiqi imicini bütün dünyaya tanıtdı. 1992-ci ilin iyun ayının 15-də Ağdamın Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürmədi. Bu həm də onun öləndən sonra da yaşağacağına işarə idi. Çingiz Mustafayevə 1992-ci ildə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.

Fəxrəddin Şahbazov 1950-ci ildə anadan olub. O, 1972-ci ildən Azərbaycan Teleradio Şirkətində əmək fəaliyyətinə başlayıb və 20 il burada fasiləsiz operator peşəsində çalışıb. Fəxrəddin qaynar döyüş meydanlarından reportajlar hazırlayaraq xalqa, eləcə də xarici ölkələrə çatdırıb. 20 noyabr 1991-ci ildə Xocavənd rayonu yaxınlığında bir sıra digər dövlət xadimləri ilə birgə içində olduğu Mi-8 vertolyotunun ermənilər tərəfindən vurulması nəticəsində şəhid olub. Bakıda, Şəhidlər Xiyabanında dəfn edilib. Fəxrəddin Şahbazova Azərbaycan Prezidentinin 6 noyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Osman Mirzəyev 1937-ci ildə dünyaya göz açıb. O.Mirzəyevin peşəkar jurnalist bacarığı təkcə mətbuatda deyil, həm də televiziyada özünü büruzə verirdi. O, Azərbaycan televiziya məkanında ilk bədii-publisistik, ictimai-siyasi “Dalğa” verilişinin yaradıcılarından idi. 1990-cı ilin sentyabrında Osman Mirzəyev Azərbaycan Respublikası Prezidenti Aparatının şöbə müdiri vəzifəsinə təyin olunub. 20 noyabr 1991-ci ildə Xocavənd rayonu yaxınlığında, bir sıra digər dövlət xadimi ilə birgə içində olduğu Mi-8 vertolyotunun ermənilər tərəfindən vurulması nəticəsində şəhid olub.

Alı Mustafayev 1952-ci il 14 apreldə Qazax rayonunun Qazaxbəyli kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Təyinatı Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinə verilib və ömrünün sonunadək AzTV-də işləyib. Erməni işğalçılarının Azərbaycana hücumu dövründə Dağlıq Qarabağdan - qaynar nöqtələrdən, eləcə də yüksək dövlət səviyyəli rəsmi görüşlərdən hazırladığı müsahibə və reportajlarla rəğbət qazanıb. 1991-ci ildə "İlin ən yaxşı jurnalisti" mükafatına layiq görülən Alı Mustafayev həmin il noyabrın 20-də Xocavəndin Qarakənd kəndi yaxınlığında dövlət nümayəndələrini aparan vertolyotun ermənilər tərəfindən vurulması nəticəsində şəhid olub.

Kazımağa Möhsün oğlu Kərimov Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirdikdən sonra peşəsinin arxasınca gedərək bir müddət “Azərbaycan məktəbi” jurnalında, sonra isə “Azərbaycan müəllimi” qəzetində çalışıb. 1988-ci ildə doğma vətəninin üzərini qara buludlar alanda heç vaxt haqsızlıqla, ədalətsizliklə barışmayan Kazımağa da silaha sarılıb. 1992-ci ilin 12-13 iyun tarixlərində Şamuyankənd rayonunun azad olunması uğrunda həyata keçirilən əməliyyatda ağır yaralanıb. Aldığı yaranın ağır olmasına baxmayaraq, əməliyyatın sonunadək iştirak edən Kazımağa döyüşlər bitdikdən sonra Bakı şəhərində yerləşən Hərbi Hospitala çatdırılıb. Kazımağa 15 iyun 1992-ci ildə şəhidlik zirvəsinə ucalıb.

Arif Hüseynzadə - 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında Azərbaycana məxsus “Mi-8” hərbi vertolyotu erməni silahlı quldurları tərəfindən vurulub. 20 noyabr faciəsi nəticəsində Azərbaycanın bir sıra dövlət adamları, deputatlar, jurnalistlər həlak oldular. Onlar içərisində AzTV-də işıqçı kimi fəaliyyət göstərən Arif Hüseynzadə də vardı.

Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Salatın Əsgərova 1991-ci ilin 9 yanvarında Laçından Şuşaya yollanarkən, Qaladərəsi kəndi yaxınlığında Ermənistan silahlı qüvvələri tərəfindən amansızcasına qətlə yetirilib. Salatın Əsgərova Azərbaycanın ilk şəhid qadın jurnalistidir. İxtisasca geofizik olsa da, jurnalistikaya olan sevgi onu bu sahəyə gətirmişdi. O, reportajlarında Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələlərə geniş yer verirdi. 1992-ci il noyabrın 6-da Salatın Əsgəroavaya ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. (AZƏRTAC)

Oxşar xəbərlər