Bunu Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan, Azərbaycanı T12 kateqoriyasında uzunluğa tullanma üzrə yarışda təmsil edən Səid Nəcəfzadə deyib.
O, ikinci dəfə Paralimpiya Oyunlarında iştirak etdiyini xatırladıb:
"Üç il əvvəl Tokio-2020-də bürünc medal qazanmışdım. Bu, məni Parisdə keçirilən Paralimpiya Oyunlarına daha da yaxşı hazırlaşmağa sövq etdi. Çox çalışmışdıq. Bura gəlməzdən əvvəl dünya çempionu olmuşdum və favoritlər arasında göstərilirdim. Buna görə də həyəcanlı idim. Çox şükür ki, bacardım, qızıl medalı əldə etdim. Sosial şəbəkələrdə və hər yerdə xalqımın dəstəyini gördüm. Cənab Prezident İlham Əliyevə və birinci vitse prezident Mehriban Əliyevaya idmana və paralimpiyaya diqqətinə görə minnətdarlığımı bildirmək istəyirəm. Dəstəyinə görə məşqçimə, üzvü olduğum "Neftçi" İdman Klubuna, Milli Paralimpiya Komitəsinə və rəhbərliyinə, Gənclər və İdman Nazirliyinə, bu yolda bizə dəstək olduğu üçün təşəkkür edirəm".
Qeyd edək ki, T12 kateqoriyasında yer alan paraatletimiz uzunluğa tullanma növündə 7,27 metr nəticə ilə paralimpiya çempionu olub. (Report)