08.06.2025, 15:46
AZ EN
23.02.2024, 07:03 345

Qurban Qurbanov: Əldə etdiyimiz qalibiyyət sanki Qarabağda görülən işlərin nəticəsidir

XƏBƏRLƏR
  • Futbolçularımız çəkdikləri əziyyətin bəhrəsini gördü. Çox sevincliyəm. Xalqımızı təbrik edirəm.

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində Bakıda Portuqaliyanın "Braqa" klubuna 2:3 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

Əlli iki yaşlı mütəxəssis bildirib ki, komandası bu gün meydanda sona kimi mübarizə apardı: "İkinci Qarabağ müharibəsində əldə etdiyimiz Zəfərdən sonra daha da ürəkli olmuşuq. 10 nəfərlə tarix yazdıq. Futbolçularım sanki meydanda döyüşürdülər. Onların hər biri ilə qürur duyuram. Hər çətinliyə hazır olmaq lazımdır. Bu cür oyunlar bütün Azərbaycan futbolu üçün böyük təcrübədir. Dözüm, iradə qələbə üçün əsas amillərdir. Fürsətdən istifadə edib dövlətimizin başçısı İlham Əliyevi də yenidən prezident seçilməsi münasibətilə təbrik edirəm. Əslində, bunu Portuqaliyadakı ilk matçdan sonra etmək istəyirdim. Amma səbir edirdim ki, təbrikimi Bakıda qələbə qazandıqdan sonra reallaşdırım”.

⁠ Qurban Qurbanov bəzi epizodlarda aqressiya hissi keçirdiyini vurğulayıb: "Belə oyunlarda hamını nəzərə almaq lazımdır. Hər kəs meydana qalib gəlmək üçün çıxır. Ona görə də aqressiya normaldır. Fikrimcə, bu oyunda əzmkarlıq qalib gəldi. Təbii ki, 90 dəqiqə ərzində qol buraxmamaq arzusunda idik. Əlavə vaxta hazırlaşanda futbolçularıma dedim ki, biz geri çəkilməməli və rəqibin üzərinə gedib qalib gəlməliyik. Yekunda isə Nəriman Axundzadənin qolu hər şeyi həll etdi".

Onun sözlərinə görə, son qolun müəllifi Nəriman Axundzadə gənc olmasına baxmayaraq, komanda daxilində məsuliyyətinin fərqindədir: “Portuqaliyadakı matçdan sonra Nəriman ağlayırdı. Futbolçularımız ona təsəlli verirdilər. Bir neçə gündür olduqca fikirli idi. Məşqlərdə üzərində çalışırdı, bazadan demək olar ki, çıxmırdı. Əziyyətinin qarşılığını aldı".

Çalışdırıcı səfərdəki qarşılaşmadan sonra futbolçulara arxayınlaşmamağı tapşırdığını söyləyib: "Portuqaliyada rəqib qapısından 4 top keçirən komanda istər-istəməz arxayınlaşır. Bu, bir tərəfdən yaxşı haldır. Amma digər tərəfdən də işimizə mane ola bilərdi. Futbolçularıma tez-tez deyirdim ki, hələ heç nə bitməyib. Doğma meydanda daha ürəklə oynamalıyıq. "Braqa"nın gücünə bələd idik. Ona görə də oyunu ciddiyə alırdıq. Oyunçularıma rahatlaşmasınlar deyə onlarda söhbət edirdim. Deyirdim ki, gələn təbriklərə o qədər də meyil salmasınlar”.

Baş məşqçi qələbəni Prezident İlham Əliyevə və Azərbaycan xalqına həsr etdiyini deyib: “Xankəndidə keçirdiyimiz gün bizim üçün əvəzolunmaz idi. Bu gün əldə etdiyimiz qalibiyyət sanki orada görülən işlərin nəticəsidir. Onlar müharibə ilə çox maraqlanırdılar. Qələbəni də başda dövlət başçımız olmaqla bütün xalqımıza, millətimizə həsr edirik”.

Qeyd edək ki, səfərdəki ilk matçda rəqibinə 4:2 hesabı ilə qalib gələn "Qarabağ" iki görüşün nəticəsinə əsasən tarixində ilk dəfə 1/8 finala vəsiqə əldə edib. (AZƏRTAC)

Oxşar xəbərlər