22.11.2024, 00:30
AZ EN
22.02.2023, 12:15 438

Dövlət Komitəsində USAİD-in nümayəndəsi ilə görüş keçirilib

XƏBƏRLƏR
  • Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Humanitar Yardım Bürosunun Regional Humanitar məsləhətçisi Duqlas Merkado ilə görüşüb.

Qonağa Ermənistanın işğalçılıq və deportasiya siyasəti nəticəsində qaçqın və məcburi köçkünlük həyatı yaşamağa məcbur olan bir milyondan çox azərbaycanlının vəziyyəti, onların problemlərinin həlli istiqamətində həyata keçirilən dövlət tədbirləri haqqında ətraflı məlumat verilib. Bildirilib ki, məcburi köçkünlər hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunub, Prezident İlham Əliyev məcburi köçkünlərin sosial problemlərinin həllini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Bu kateqoriyadan olan soydaşlarımızın yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin səmərəli təşkilinə dövlətimizin başçısının xüsusi diqqət yetirdiyi, problemlərinin həlli istiqamətində məqsədyönlü iş aparıldığı diqqətə çatdırılıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın onların problemlərinin həllinə daim həssaslıq və təsirli dəstək göstərdiyi, onun bu sahədə təşəbbüslərinin mühüm əhəmiyyət kəsb etdiyi və məcburi köçkünlərdə dərin razılıq hissi doğurduğu bildirilib. 

Beynəlxalq təşkilatların qaçqınlar və məcburi köçkünlərlə bağlı layihələr həyata keçirdiyi, münaqişənin ilk illərindən dəstək olduqları məmnunluqla qeyd olunub. 

Qeyd olunub ki, 2020-ci ildə Ermənistanın işğalına son qoyulması və ərazilərimizin işğaldan azad edilməsindən sonra qaçqın və məcburi köçkünlərin beynəlxalq hüququn prinsiplərinə əsasən, könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına şərait yaranıb. Məcburi köçkünlər arasında aparılan sorğular zamanı onların böyük əksəriyyəti qayıtmaq istədiyini bildirib, lakin işğal dövründə Azərbaycan ərazilərində hərbi təyinatı olmayan torpaqların belə minalanması və Ermənistanın mina xəritələrini təqdim etməməsi Böyük Qayıdış prosesini ləngidir.

Qarabağ və Şərqi Zəngəzurun ən abad guşələrdən birinə çevrilməsi və məcburi köçkünlərin dayanıqlı məskunlaşmasının təmin edilməsi üçün dövlət tərəfindən irimiqyaslı layihələr həyata keçirilir. “Ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında, müasir standartlara cavab verən yeni yaşayış sahələri salınır. Zəngilan rayonunun Ağalı kəndində salınmış “ağıllı kənd”ə bu günədək 66 ailə köçürülüb, yaxın günlərdə isə növbəti ailələrin köçürülməsi həyata keçiriləcək.   

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Humanitar Yardım Bürosunun Regional Humanitar məsləhətçisi Duqlas Merkado səmimi qəbula görə təşəkkür edib. Azərbaycan dövlətinin məcburi köçkünlərin qayıdışı ilə bağlı həyata keçirdiyi işlərin təqdirəlayiq olduğunu qeyd edib. Doğma yurduna qayıtmağa hazırlaşan insanların mina təhlükəsi ilə üzləşməsini böyük faciə adlandırıb, bu təhlükənin aradan qaldırılmasına beynəlxalq təşkilatların dəstək verməsinin vacibliyini bildirib.

Görüşdə məcburi köçkünlərin məşğulluğuna dəstək, qadınlarla və gənclərlə bağlı birgə tədbirlərin keçirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Oxşar xəbərlər