01.07.2025, 22:51
AZ EN
28.12.2022, 11:25 678

Təbrik edirik!

XƏBƏRLƏR
  • Əmək fəaliyyəti otuz ilə yaxındır Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə bağlı olan işgüzar istehsalat adamı, səmimi insan Nizami Allarverdiyevin 65 yaşı tamam olub.

Bu münasibətlə Dövlət Komitəsinin rəhbərliyi tərəfindən yubilyara təbriknamə ünvanlanıb. Təbrikdə onun uzun müddətdir məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin həyata keçirilməsində, bu kateqoriyadan olan vətəndaşların sosial inkişafı ilə bağlı məsələlərin həllində fəal iştirak etdiyi, təşkilatçılıq qabiliyyəti və işgüzarlığı, səmimiyyəti və mənəvi-əxlaqi keyfiyyətləri ilə kollektivin hörmət və rəğbətini qazandığı vurğulanıb, xidməti fəaliyyəti və şəxsi həyatı ilə bağlı arzular ifadə olunub.

Nizami  Allahverdiyev Laçın rayonunun Pircahan kəndindəndir. Laçın şəhərində orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Texniki Universitetinin Mexanika fakültəsində təhsil alıb. 1979-1981-ci illərdə həqiqi hərbi xidmətdə olub. 1982-ci ildən rayon işğal edilənədək Laçın Avtonəqliyyat Müəssisəsində çalışıb. Həmyerliləri kimi o da doğma yurdun itirilməsinin ağrı-acısını yaşayıb, məcburi köçkünlüyün çətinliklərini görüb.

1993-cü ildən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Laçın Sənaye Kombinatının direktoru vəzifəsində işləyib, 2019-cu ildən Dövlət Komitəsinin Təsərrüfathesablı Təchizat və İstehsalat idarəsinin rəisdir.

Nizami müəllim üçün ən böyük hədiyyə doğma Laçının erməni işğalından azad edilməsidir. O deyir: “Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, qəhrəman hərbçilərimizin şücaəti, şəhidlərimizin, qazilərimizin qanı bahasına əldə edilmiş Zəfər mənim və mənim kimi uzun illər yurd həsrəti yaşayanların hər biri üçün əvəzsiz hədiyyədir. Bütün laçınlılar kimi mən də ata-baba ocağımıza qayıdışın başlanması üçün cənab Prezidentin tapşırığı əsasında aparılan bərpa-quruculuq işlərini ürəkdən bəyənirəm...”

Nizami müəllimi yubilleyi münasibətilə biz də təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, tükənməz ailə sevincləri, işlərində uğurlar diləyirik!

“Vətən səsi”

Oxşar xəbərlər