Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynovun və “Bakcell” şirkətinin satış direktoru Həmid İmanovun imzaladıqları Memoranduma əsasən, Respublikamızda telekommunikasiya xidmətləri sahəsində çoxillik təcrübəsi olan mobil şəbəkə operatoru Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində həyata keçirilən tədbirlərə dəstək verir.
Bu ilin aprel ayından etibarən, “Bakcell” doğma yurda qayıdan keçmiş məcburi köçkünlərə sim-kartlar hədiyyə edərək, onlara ödənişsiz xidmətlərdən yararlanmaları sahəsində yeni tarif paketləri təqdim edir. Belə ki, 2 AZN xidmət haqqı ödəməklə bu kompaniyadan yararlanan keçmiş məcburi köçkünlər öz aralarında pulsuz danışmaq imkanı əldə edirlər.
Qeyd edək ki, Sim-kartların işğaldan azad edilmiş ərazilərə qayıtmış və qayıdacaq ailələrin razılığı ilə hər birinə təqdim olunması nəzərdə tutulur.
Bildiririk ki, ilkin mərhələdə Füzuli şəhərinə və Laçın rayonunun Zabux kəndinə köçürülmüş, o cümlədən daha əvvəl doğma yurda qayıdan 1100-dən çox ailəyə ödənişsiz nömrələrin paylanması prosesi həyata keçirilib və davam etdirilir. İlkin olaraq hər bir ailəyə 2 ədəd sim-kart təqdim olunmuşdur. Sonradan bu sim-kartların sayının həmin ailələrin istəyi ilə (5 ədəd nömrəyədək) artırılması planlaşdırılır.