25.06.2025, 03:29
AZ EN
08.05.2025, 18:21 199

Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

XƏBƏRLƏR
  • Mayın 8-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müstəqil və müasir Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin xalqımız qarşısında tarixi xidmətlərini qeyd edən, onun siyasi-strateji xəttinin davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin böyük nailiyyətlər qazandığını diqqətə çatdıran Dövlət Komitəsinin sədri Rövşən Rzayev bu amilin milli inkişafımız üçün mühüm əhəmiyyət daşıdığını bildirib.

Ermənistanın deportasiya və işğalçılıq siyasəti nəticəsində yurd-yuvasından didərgin düşən həmvətənlərimiz hər zaman ümummilli liderin diqqət və qayğısını hiss ediblər. Məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə, bu sahədə Dövlət Proqramı hazırlanıb, icra olunub. Heydər Əliyevin əsasını qoyduğu neft strategiyası öz bəhrəsini verməyə başladıqdan sonra ilk vəsait qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəldilib. Beynəlxalq təşkilatların qaçqın və məcburi köçkün problemlərinin həllinə dəstək göstərməsi, yardımlar etməsi də Ulu öndərin təşəbbüsü və çağırışı əsasında olub. Bununla da, ölkədə yaşana biləcək humanitar fəlakətin qarşısı alınıb.

Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərlə iş  sahəsində dövlət siyasətini daha da təkmilləşdirərək uğurla davam etdirir. Məcburi köçkünlərin problemlərinin həllinə Birinci vitse-prezident xanım Mehriban Əliyeva da xüsusi həssaslıqla yanaşır, bu kateqoriyadan olan insanların problemlərinin həlli istiqamətində mühüm işlər görür.

44 günlük Vətən Müharibəsi və bir günlük antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunduqdan sonra işğaldan azad edilmiş ərazilərdə geniş bərpa və quruculuq işləri aparılır.

Oxşar xəbərlər