21.11.2024, 17:12
AZ EN
23.01.2024, 16:11 405

Dövlət Komitəsində Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib

XƏBƏRLƏR
  • Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Asiya İnkişaf Bankının (AİB) işçi qrupu ilə görüş keçirilib. Görüşdə əməkdaşlıq imkanları və istiqamətləri fikir mübadiləsi aparılıb.

Görüş zamanı qonaqlara Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının icrası çərçivəsində aparılan işlər, məcburi köçkünlərin doğma yurda geri qayıdışı, həmçinin komitənin fəaliyyət istiqamətləri barədə məlumat verilib.  Bildirilib ki, Azərbaycanın yeni inkişaf magistralının ideoloji nüvəsini işğaldan azad olunmuş ərazilərin bərpası və həmin ərazilərə təhlükəsiz, könüllü, ləyaqətli qayıdış təşkil edir. Vurğulanıb ki, Azərbaycan Respublikası Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində işğaldan azad edilmiş ərazilərə qayıdış davamlı xarakter daşıyır. Birinci vitse-prezident Mehriban xanım Əliyeva  da məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsini, onların yaşayış şəraitinin yaxşılaşdırılmasını daim diqqətdə saxlayır.

Görüşdə qeyd edilib ki, Asiya İnkişaf Bankı Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işlərinə dəstək vermək niyyətindədir və bu sahədə əməkdaşlıq imkanlarını qiymətləndirməyi vacib sayır.

Dövlət Komitəsinin məsul əməkdaşları qonaqları maraqlandıran sualları cavablandırıb, əməkdaşlıq perspektivləri barədə rəy və təkliflərini bildiriblər.

Görüşdə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, BMT-nin Məskunlaşma Proqramı - UN-HABİTAT-ın nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, Baş ofisi Filippinin Manila şəhərində yerləşən Asiya İnkişaf Bankı fəaliyyətinə 1966-cı ildə başlayıb və 67 üzv-ölkə tərəfindən maliyyələşdirilir. Bunlardan 48-i Asiya və Sakit Okean regionunda yerləşir. Azərbaycan AİB-ə 29 oktyabr 1999-cu ildə üzv olub. Təşkilatın ölkəmizdəki nümayəndəliyi 2004-cü ilin noyabr ayından etibarən fəaliyyətdədir. Məqsəd Asiyada və ümumiyyətlə, Şərq ölkələrində iqtisadiyyatın inkişafına yardım göstərməkdir.

Oxşar xəbərlər