Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin əməkdaşı Kamran Ağamaliyev, Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirinin müavini Hayko Şvarts, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ GmbH) ölkə direktoru Karin Hörhan, “Cənubi Qafqazda aztəminatlı məcburi köçkünlərin və yerli əhalinin sosial və iqtisadı inkişafı” layihəsinin Azərbaycan üzrə rəhbəri Yörq Le Blank layihənin nəticələri ilə yerində tanışlıq məqsədilə Bərdə və Ağdam rayonlarında olublar.
Səfərdə Mingəçevir və Bərdə peşə liseylərinin, Mingəçevir Dövlət Universitetinin rəhbərləri, Bərdə və Ağdam rayon icra hakimiyyətlərinin nümayəndələri iştirak ediblər. Səfər çərçivəsində qonaqlar Bərdə İcma Mərkəzinə baş çəkib, məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı 866 ailəlik qəsəbənin sakinlərinin həyata keçirdikləri mikrolayihələrlə tanış olublar.
Daha sonra Ağdama səfəri davam etdirən qonaqlar orada layihə çərçivəsində yaradılmış istixanalara, quşçuluq, arıçılıq və çörəkbişirmə sexlərinə baş çəkiblər.
Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) sifarişi əsasında Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) GmbH Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində icra etdiyi “Cənubi Qafqazda aztəminatlı məcburi köçkünlərin və yerli əhalinin sosial və iqtisadı inkişafı” layihəsi 2017-ci ildən fəaliyyətə başlayıb. Layihə çərçivəsində Ağdam, Bərdə rayonları və Mingəçevir şəhərində məskunlaşmış məcburi köçkünlərin və onlarla eyni ərazidə yaşayan aztəminatlı əhalinin həm iqtisadi, həm də sosial inkişafı məqsədilə tədbirlər həyata keçirilib.