Qərbi Azərbaycanın Qırxbulaq mahallarının, Ellər rayonuna daxil olan Zak kəndi rayon mərkəzindən bir neçə km cənubda, İrəvan-Tiflis avtomobil yolunun üstündə, İrəvan- Ellər dəmiryol xəttinin kənarında yerləşir. 1828-ci ilə qədər kənddə ancaq Azərbaycan türkləri yaşamışdır. "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə (1590) İrəvan nahiyəsinin, 1728-ci il "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə isə Qırxbulaq nahiyəsinin Zak kəndi kimi qeydə alınmışdır. Mənbələrdən göründüyü kimi kənd Ərməniyyənin qədim sakinlərindən olan Sak türklərinin vaxtında mövcud olmuş, bu igid türk boyunun adını daşımış və İrəvan əyalətinin XVI-XVII yüzillərə aid dəftərlərində də ilkin adı ilə (Zak//Zaq) qeydə alınmışdır. Onu da qeyd edək ki, Qərbi Azərbaycan ərazisində Zak//Zaq komponenti çox qeydə alınmışdır. Azərbaycan Respublikası ərazisində isə belə toponimlər daha çoxdur. Zaqatala, Şəki, Qazax, Astara və s. rayonlarında bu gün də Sak adlı kənd mövcuddur. Ellər rayonunun Zak kəndi sonralar ləğv edilmişdir.
İsa MUSAYEV