22.06.2025, 18:54
AZ EN
09.01.2023, 11:00 466

Zəngibasar mahalı, Kolanlı kəndi

QƏRBİ AZƏRBAYCAN

Qərbi Azərbaycanın Zəngibasar mahalında Böyük Qarasu çayı kənarında, Rəncbər kəndindən 1 km yuxarıda, Qarğabazar kəndi yaxınlığında olan Kolanlı kəndində ancaq Azərbaycan türkləri yaşamışdılar. Kəndin adı 1873-cü ilə aid statistik məlumatda Xaraba Kolanı kimi verilmişdir. Mənbələrdən aydın olur ki, XVIII əsrin I yarısında Nadir şah Əfşar tərəfindən cənubi Azərbaycandan köçürülən Kolanı türk tayfaları əvvəlcə Qərbi Azərbaycanda, Naxçıvanda məskunlaşmış, Vedibasarın Cığın dərəsindən keçərək Qarabağda, Şirvanda yurd salmışdılar. O da qeyd olunur ki, Vedibasar mahalının Cığındərə bölgəsində Kolanı tayfasına məxsus 8 kənd, Qarabağda isə bütöv bir Kolanı mahalı mövcud olmuşdur. Bununla yanaşı Qərbi Azərbaycan və Azərbaycan Respublikasında çoxlu sayda Kolanı kəndləri qeydə alınmışdır. 1918-ci ildə kənd erməni daşnakları tərəfindən dağıdılmış, əhalinin bir hissəsi qəddarcasına qətlə yetirilmiş, qalanlar Arazı keçərək Türkiyəyə getmişlər.

Sovet hakimiyyəti qurulduqdan sonra qaçqın əhalinin bir hissəsi geri qayıtmışdır. Görkəmli tədqiqatçı alim, Milli Məclisin üzvü Əziz Ələkbərli yazır ki, 1935-ci ildən etibarən bütün rəsmi sənədlərdə kəndin adı Kolanlı kimi yazılmışdır. 1948-1949-cu illərdə kəndin bütün əhalisi zorla Azərbaycana deportasiya olunmuş və kənd ləğv edilmişdir.

İsa MUSAYEV

Oxşar xəbərlər