21.11.2024, 20:51
AZ EN
20.12.2022, 11:14 382

Zəngibasar mahalı Ağcaqışlaq kəndi

QƏRBİ AZƏRBAYCAN

Zəngibasar rayonunun mərkəzi olan Uluxanlı qəsəbəsindən 12 km şimalda, Zəngi çayının sol sahilində olan Ağcaqışlaq kəndində 1918-ci ilə qədər ancaq Azərbaycan türkləri yaşamışdılar. Həmin il erməni daşnakları azərbaycanlı əhalini vəhşicəsinə qovmuş, xeyli gəlmə ermənini burada yerləşdirmişdilər. 1922-1948-ci illərdə ermənilərlə azərbaycanlılar birgə yaşamış, sonuncu tarixdə kənd tamamilə erməniləşdirilmişdir. 1590-cı ildə «Ermənistan əyalətinin müfəssəl dəftəri»ndə İrəvan nahiyəsində Ağcaqala qışlağı adı ilə qeydə alınmışdır. 1728-ci ildə Qırxbulaq nahiyəsi tərkibində verilən kəndin adı Ağcaqışlaq kimi yazılmışdır. Tanınmış tədqiqatçı, millət vəkili Əziz Ələkbərli yazır ki, «Kitabi-Dədə Qorqud» dastanındakı «Ağcaqala Sürməli» elə məhz həmin Ağcaqışlaqdır. Sonra qeyd edilir ki, XVI-XVIII əsrlərdə Qərbi Azərbaycan ərazisində Ağca komponenti ilə bağlı onlarla toponim vardır. (Ağca, Ağcaarx, Ağcavənd, Ağcaqala və s.)

1918-ci ildə mahalın digər azərbaycanlı kəndləri kimi Ağcaqışlaq kəndi də erməni təcavüzünün qurbanı olmuş, kənd əhalisinin bir hissəsi qətlə yetirilmiş, yerdə qalanları isə Türkiyə və Azərbaycanın müxtəlif bölgələrinə səpələnmişdilər. Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra onların az bir hissəsi kəndə qayıtmış, lakin onlar öz evlərində erməni ailələri ilə üzləşmişlər.

Mənbələr bildirir ki, daşnaklar 1918-ci ildə boşaltdıqları azərbaycanlı kəndinə xeyli Türkiyə ermənisi yerləşdirilmiş, burada erməni və azərbaycanlı birgə yaşamışdır.

1948-1953-cü illərin bədnam deportasiyası zamanı kəndin bütün azərbaycanlı əhalisi köçürülmüş, kənd tamamilə erməniləşdirilmişdir. 1978-ci il yanvarın 25-də kəndin adı dəyişdirilərək Tetapiya qoyulmuşdur.

İsa Musayev

Oxşar xəbərlər