1873 və 1886-cı illərin statistikasında kəndin adı Ptqni, Sovet dövrü erməni yazılarında Ptxni kimi göstərilmişdir. Toponimin əsli isə Putqun (Budqun, Budhun) şəklindədir. Bu da onu göstərir ki, kəndin adı türkmənşəlidir və Hun tayfası, Hun xalqı deməkdir. Sovet dövründə kənd xeyli böyümüş və inkişaf etmişdir.
Mənbələrdə yazılır ki, Putqni kəndində XI-XII əsrlərə aid Putqni məbədinin xarabalıqları müasir dövrümüzə qədər qalırdı. Eni 13,7 m, uzunluğu 29,9 metr olan dördkünc bazilika qədim arman-türk mədəniyyətinin parlaq nümunələrindən idi. Çox təəssüflə qeyd edək ki, VI-VII əsrlərdə Cənubi Qafqazda izi-tozu olmayan haylar bu gün başqa abidələrimiz kimi bu abidəmizi də özlərinə çıxmaqdan çəkinmirlər.
1988-ci ildə öz ocaqlarından didərgin düşən Qərbi azərbaycanlılar kimi Putxni kəndinin də igid övladları birinci Qarabağ savaşında, eləcə də Vətən müharibəsində döyüşmüş, şəhidlik zirvəsinə yüksəlmiş, bəziləri qazi olmuşdur.
Bu gün Azərbaycan dövləti qüdrətli bir dövlətdir. 2020-ci il sentyabrın 27-də erməni təxribatının qarşısını alan, əks həmlə ilə düşməni 44 gündə məhv edən Müzəffər Ordumuz var. Bu ordunun Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı siyasət öz diqtəsini etməkdədir. Ona görə də əminik ki, bu kəndin sakinləri də qədim yurdlarına qovuşacaqlar.
İsa MUSAYEV