1940-cı il martın 2-dən Sisian adlandırılan keçmiş Qarakilsə rayonunun Şəki kəndi yaxınlığında yerləşən bu şəlalə Qərbi Azərbaycanın ən hündür şəlaləsidir və hündürlüyü 18 metrdir. Rayon mərkəzindən 6 km şimalda yerləşən şəlalə Bazarçayın 18 km uzunluğu olan kiçik qolu Şəkiçay üzərində yerləşir.
Şəki kəndin adı "İrəvan əyalətinin icmal dəftəri"ndə qeyd edilib. Bu toponim kimmerlərin tərkibində gələn sak əsasında əmələ gəlmişdir. Şəki sak saka etnoniminin fonetik variantıdır.
Q. Qeybullayev saka türk etnoniminin həm də şaka formasında olduğu göstərir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Şəki kəndində 1831-ci ildə 148 nəfər, 1873 - cü ildə 445 nəfər, 1886-cı ildə 657 nəfər, 1897-ci ildə 1191 nəfər, 1908-ci ildə 1605 nəfər, 1914 - cü ildə 1584 nəfər nəfər azərbaycanlı yaşayıb. 1918-ci ilin avqust ayında azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya edilib.
Xaricdən köçürülən ermənilər burada yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalanlar öz kəndlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 282 nəfər, 12 erməni, 1926-cı ildə 385 nəfər azərbaycanlı, 407 nəfər erməni, 1931-ci ildə 557 nəfər azərbaycanlı, 510 nəfər erməni yaşamışdır. 1988-ci ilin noyabr ayında azərbaycanlılar tamamilə deportasiya olunmuşdur. İndi burada təkcə ermənilər yaşayır.
Hazırladı: Mina RƏŞİD