Şair, publisist, filoloqdur.
“Qızıl qələm”,”İlin nüfuzlu şairi” mükafatları laureatıdır. Şeirlərinə mahnılar bəstələnib, kliplər çəkilib. Əsərləri rus, ingilis, özbək, tacik dillərinə tərcümə edilib. Orta Asiyada, Cənubi Afrikada şeirləri çap edilib. Qırğızıstan Respublikasının”Kızdaray” ədəbi birliyinin keçirdiyi beynəlxalq şeir müsabiqəsinə göndərdiyi “İnsan nağılı”adlı şeiri 1-ci yerə layiq görülmüşdür. Qırğızıstanda çap edilən “Müasir Azərbaycan şairləri” (tərcüməçi Gülzira Şaripova) kitabına və Türkiyədə nəşr olunan “Şairlər seçkisi-13” antalogiyasına şeirləri daxil edilmişdir. “Həkəri” qəzetinin poeziya şöbəsinin müdiridir.
İmran Güllübulaqlı hazırda Bakıda yaşayır və orta məktəbdə müəllim işləyir.
BİZİM ELLƏR
Ağbaba,Şörəel elləri üçün
Hərdən ağlayıram mən için-için!
Bir dəryaz gətirin,dərdimi biçin,
Dərdimdən bir dəstə bağlayım gərək!
Yağının gözünü dağlayım gərək!
Hicranın,həsrətin sonu yetməyib,
Vüsalı əkmişəm hələ bitməyib!
Elimə dönməyə inam itməyib,
Arzular,ümidlər aparır ora!
Taleyim,qismətim aparır hara?!
Ordumuz yağını yüz basar,keçər,
Zəngəzur səmtinə yol asar,keçər!
Bir zəfər gözləyir el Basarkeçər!
Millətim sözünü Şuşada dedi!
İndi hədəfimiz can Göyçə,Vedi!
İgidlər at sürər yenə çölünə!
Bir də yığışarıq Arpa gölünə!
Saf Göyçə gölündə nemət bölünə!
Telli saz dillənə aşıq əlində!
Ellər vəsf edilə şair dilində!
Şeirlər yazıram Güllübulağa,
Bu yanan ruhuma yağışlar yağa!
Amasya yolunda arana,dağa
Yenə açacaqdır çiçəklər,güllər!
Olub,olacaqdır,var bizim ellər!
DOSTLARIM
(Güllübulaqlı yaşıdlarıma)
Qayğısız böyüdük Güllübulaqda,
A mənim qəlbimdə qalan dostlarım!
Gənclik dövranımız nə tez ötüşdü?!
Ağsaçlı babalar olan dostlarım!
Elimiz-obamız qaldı virana,
Kimi dağa düşdü,kimi arana!
Vətəndən vətənə körpü yarana,
Şəhərdə ev-eşik salan dostlarım!
Bizə həsrət qalıb dərəsi,düzü,
Bir öpüş gözləyir bulağın gözü!
Yurda ünvanlanır Şairin sözü,
Kəndimiz olubdur talan,dostlarım!
Altmışı astaca salmışıq yola,
Yaşımız səksənə,doxsana dola!
Övladlar,nəvələr bəxtəvər ola,
Könlümə əbədi dolan dostlarım!
İmranam,yazıram sənin adına,
Şeirim dağ çəkər düşmən,yadına!
Gözəl kəndimizi salıb yadına,
Şirin xəyallara dalan dostlarım!
SÖZÜN QÜDRƏTİ
Sözümlə insana xidmət eylədim,
Böyüyə,kiçiyə hörmət eylədim
Yaxşıya,yamana diqqət eylədim,
Yazdım insanlığa ürək sözümü,
Çoxunun qəlbində gördüm özümü!
Fikirlər beynimdə dolaşır sürgün,
Arzular atına minirəm hər gün,
Çin olub həyata keçəcək bir gün!
Bir zaman özümü görəcəm eldə,
Adım səslənəcək dodaqda,dildə!
Hicranın şəklini çəkəcəm sözlə,
Vüsal toxumunu əkəcəm sözlə!
Yağı sinəsinə çökəcəm sözlə!
Şeir bəndlərindən qala quracam!
Sözü qılınc edib şəstlə duracam!
Düşməni dost edər sözün qüdrəti,
Sözüylə qazanar şair hörməti.
Şeiriylə vəsf edər xalqı,milləti!
Könlüm tələb edir yazım Vətəndən,
Qoymaram sözlərim incisin məndən!
Ruhun qidasıdır şairin sözü,
Şairə göndərir Tanrının özü!
Gözəllik axtarar şairin gözü,
Gözəl insanlara şeir yazıram!
Tənqidə, tərifə daim hazıram!
Hazırladı: Tahirə AĞAMİRZƏ