Bu gün Ermənistan ərazisində azərbaycanlılara məxsus yalnız iki tarixi-memarlıq abidəsi qalıb ki, onlardan birini - İrəvan şəhərindəki Göy məscidi “fars məscidi”, digərini - İrəvan yaxınlığındakı Əmir Səəd məqbərəsini isə “türkmən abidəsi” kimi qələmə verməyə çalışırlar
Azərbaycan Turizm və Menecment Universitetinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüsalə Məmmədzadə belə deyib. O bildirib ki, Qərbi Azərbaycan ərazisində qədim xalqımızın çox zəngin mədəni dəyərləri qaldı. Bu da təsadüfi deyil, çünki ulu-babalarımız min illər boyu bu torpaqlarda tarixi dəyərlər yaradıblar. Təəssüf ki, terrorçu ermənilər babalarımızın bizlərə yadigar qoyduğu dəyərləri yerlə-yeksan ediblər. Bunların arasında çoxlu sayda tarixi-memarlıq abidələri, karvansaralar, imarətlər, məscidlər, qəbiristanlıqlar, məqbərələr, qəbirüstü abidələr və s. olub. İrəvan şəhərindəki Xan sarayı, məscidlər, karvansaralar haqqında səyyahların, sənətşünasların, arxeoloqların, rəssamların əsərlərində geniş məlumatlar verilib. Rəsmi məlumatlara görə, XX əsrin əvvəllərində İrəvan quberniyasının ərazisində hər biri memarlıq əsəri olan 310 məscid olub. 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında ilk erməni dövləti – Ermənistan Respublikası qurulduqdan sonra azərbaycanlılara məxsus maddi-mədəni irsə qarşı vandalcasına, dağıdıcı münasibət göstərilib, onları dağıdaraq yer üzündən silməyə başlayıblar. İrəvan qalasındakı bütün tarixi abidələr, o cümlədən də Xan sarayı və möhtəşəm Sərdar (Abbas Mirzə) məscidi məhv edilib. Bu gün Ermənistan ərazisində azərbaycanlılara məxsus yalnız iki tarixi-memarlıq abidəsi qalıb ki, onlardan birini - İrəvan şəhərindəki Göy məscidi “fars məscidi”, digərini - İrəvan yaxınlığındakı Əmir Səəd məqbərəsini isə “türkmən abidəsi” kimi qələmə verməyə çalışırlar. Ermənistan hökumətinin qərarı ilə “heç bir əhəmiyyət daşımadığı üçün” azərbaycanlıların qəbirstanlıqlarının qorunmaması qərara alınıb. Erməni vandalları azərbaycanlıların qəbirstanlıqlarını dağıdıblar.
“Erməni vandalları azərbaycanlıların tarixi-etnik torpaqlarındakı izlərini silməklə yanaşı, onlara məxsus toponimlərə qarşı da soyqırımı həyata keçiriblər. Elə bu səbəbdən də bu gündən Qərbi Azərbaycan İcması tərəfindən alimlər qarşısında məqsəd qoyulmalıdır ki, Qərbi Azərbaycan tarixinə aid xüsusi tədqiqat işləri aparılsın və dünyaya ermənilər tərəfindən tariximizin saxtalaşdırılması isbat edilsin. Biz öz tarixi yurdumuza, dədə-baba ocaqlarımıza mütləq qayıdacağıq. Bu, bizim tarixi-mənəvi və hüquqi haqqımızdır. Təbii ki, bunu ölkə rəhbərinin həm müdrik siyasəti, həm də sülh yolu həyata keçirəcəyinə əmin olmalıyıq. 44 günlük Vətən müharibəsində biz bir millət olaraq dəmir yumruq kimi birləşdik və Müzəffər Ali Baş Komandanın nümayiş etdirdiyi müdrik, uzaqgörən, qətiyyətli siyasəti nəticəsində tarixi Zəfər qazandıq. Qərbi Azərbaycan uğrunda mübarizədə də eyni milli birliyi nümayiş etdirməliyik”, - deyə Vüsalə Məmmədzadə bildirib. (AZƏRTAC)