21.11.2024, 18:18
AZ EN
15.12.2022, 17:54 181

Qərbi Azərbaycan: faciələrimizin başlanğıc mərkəzi - unutmayaq

QƏRBİ AZƏRBAYCAN
  • Azərbaycanın qədim yaşayış məskəni Qərbi Azərbaycanda yaşayan azərbaycanlılar bir neçə dəfə  ermənilər tərəfindən soyqırımlara məruz qalmışlar...

Ermənilər İrəvan xanlığı ərazisini darmadağın etmiş, ilkin versiyaya görə 62 azərbaycanlı yaşayış məntəqəsini yer üzündən silmiş, əhalisini vəhşiliklə məhv etmişlər.

Ötən yüzilliyin 20-ci illərindən 1989-cu ilədək Türkiyəyə, İrana, Azərbaycana, Gürcüstana, Şimali Qafqaza və Orta Asiyaya buradan gedən ata-baba yurdunu tərk etməyə məcbur qalan, “Türk təəbəsi” adı altında “Xalq düşməni”, “şübhəli ünsür” damğası ilə sürgün edilən 1948-1953 və 1988-1989-cu illərdə didərgin düşən azərbaycanlıların sayı 1,5 milyon nəfərdən çox olmuşdur. Bundan əlavə 1905-1907-ci və 1918-1920-ci illərdə olan qanlı vuruşmalarda yarım milyon azərbaycanlı Ermənistan ərazisində qətlə yetirilmişdir. Bunlar hamısı tarixi faktlardı.

İCEVAN (KARVANSARA)

HAQQIXLI-1919-cu il. 540 nəfər yaşamışdır. Andranikin quldur dəstəsi camaatı sülh adıyla evlərə toplamış, qapıları baglayandan sonra evlərə od vurmuşdur. Qaçıb aradan çıxmaq istəyənlər tüfəng ilə nişan alınmış, qılıncla dogranmışlar. Bir gecədə 158 nəfər adam amansızlıqla məhv edilmişdir. Salamat qurtaranlardan bir qismi 1922-ci ildə kəndə dönmüşdü. 1988-ci ildə kənddə yaşayan insanlar yenidən erməni təcavüzünün qurbanı olmuşlar. Azərbaycanlıları deportasiya etdikdən sonra kənd erməniləşdirilmişdir.

BASARKEÇƏR

ZOD-1919-cu il. 2000 nəfər yaşamışdır. Kənd dağıdılıb yandırılmış, 270 nəfər dinc əhali böyük işgəncələrlə qətlə yetirilmişdir.

YARPIZLI-1919-cu il. 800 nəfər yaşamışdır. Andranikin rəhbərliyi altında daşnaklar kəndi yerlə-yeksan etmiş, böyükdən kiçiyə - qoca, qadın, uşaq demədən əhalini kütləvi surətdə qırmışlar. Salamat qalanlar dağla-dərəylə Azərbaycana pənah gətirmişlər.

KEFLİ-1919-cu il. Andronikin quldur dəstəsi əhalini qılıncdan keçirmiş, var-dövlətini talamışlar, kənd xarabalıga çevrilmişdir.

ŞİŞQAYA-1919-cu il. 1300 nəfər yaşamışdır. Daşnak polkovniki Sulikovun quldur dəstəsi kəndə gələrək iclas adı ilə camaatı evlərə və tövlələrə dolduraraq od vurub yandırmışlar. Qaçmaq istəyənin hamısı güllələnmiş və ya qılıncdan keçirilmişdir. 700-ə yaxın dinc əhali, o cümlədən qoca, uşaq, qadına qarşı şiddətli qətliam törədilmişdir.

ŞƏRABA-1919-cu il. Dağıdılmış, yandırılmış, insanlar qılıncdan keçirilmişdir. Burda kişilərin başını, qadınların döşünü kəsib, uşaqları təndirdə yandırmışlar. (Bax:“Azərbaycan” qəzeti, № 30, 9 fevral (27 yanvar 1919-cu il).

GÖZƏLDƏRƏ

QARANLIQ-1918-ci il. 299 nəfər yaşamışdır. Tamamilə yer üzündən silinmiş, yalnız xarabalığı qalmışdır.

KƏVƏR

HÜSEYNBƏYLİ-1906-cı il. 608 nəfər yaşamışdır. Kəndi əhalisi ilə birlikdə yer üzündən silmişlər. Ölü kəndə çevrilmişdir.

HACIMUĞAN-1918-ci il. 1255 nəfər yaşamışdır. Andranikin əmri ilə kənd darmadağın edilmiş, əhali qılıncdan keçirilmişdir. Cox az sayda adam qaçıb canını qurtara bilmişdir. Mirəli və Miryaqub ağa qardşlarının ailəsindən 18-nin başını kəsib masanın üstə düzmüşlər.

ƏFƏNDİ-1918-ci il. 654 nəfər əhalisi olub. Əhalinin yarıdan çoxu amansızlıqla qılıncdan keçirilib, bədənləri deşik- deşik edilib, gözləri çıxarılıb.

ƏYRİVƏNG-1918-ci il. 654 nəfər əhalinin 440 nəfəri amansızlıqla qətlə yetirilmişdir.

AĞZIBİR-1918-ci il. 755 nəfər yaşamışdır. Ağzıbir daşnakların yeritdiyi əsil genosid siyasətinin alovlandıgı nöqtələrdən biri olmuşdur.

QUQARK (KİROVAKAN)

VARTANA-1918-ci il. 120 nəfər yandırılıb öldürülmüşdür. 1988-ci ildə yenə bu kənddə 16 nəfər yandırılıb məhv edilmişdir.

AXTA (DƏRƏÇİÇƏK)

BIĞLI-1918-ci il. 900 nəfər yaşamışdır. Andranikin tapşırığı ilə kənd yerlə-yeksan edilmişdir. Əhalisinin böyük qismi vəhşicəsinə məhv edilib. Sovet gələndən sonra qaçqın əhalini öz yerinə qaytarmaq çagırışına cavab olaraq 1922-ci ildə Bığlıya cəmi 53 nəfər qayıtmışdı.

TƏKƏLİ-1918-ci il. 1100 nəfər yaşamışdır. Erməni silahlıları Təkəlini oda qalamış, əhalisini güllədən və qılıncdan keçirmişlər. Həmin soyqırımında təkəlilər 370 nəfər itirmişlər.

OZANLAR-1918-ci il. 500 nəfər yaşamışdır. Qəddar erməni silahlıları kəndi mühasirəyə alaraq əhalini tamamilə qanına qəltan eləmişlər. Az sayda adam qurtara bilmişdir. Kənd bundan sonra ermənilərin əlinə keçmişdir.

GÜMÜŞ-1918-ci il. 820 nəfər əhalisi olmuşdur. Kəndi elə yandırmışlar ki, bir həftə belə tüstü ilə birlikdə yanan insan bədəninin qoxusu xeyli aralıdan hiss olunmuşdur. Bununla da “əzabkeş” ermənilər Gümüşə də bir dəfəlik sahib olmuşlar. Sonralar ancaq qaçıb canını qurtarmış 174 nəfər adam hesaba alınmışdır.

KOTAYK (ELLƏR)

QARAQALA-1918-ci il. 899 nəfər əhalisi olmuşdur. Böyük məşəqqətlə, zalımlıqla məhv edilən camaatın bir qismi Türkiyəyə qaçmışdır. 1922-ci ildə 20 nəfər doğma kəndə qayıtmış, lakin bu vaxt kənddə ermənilər yaşadığını görmüşlər. Bir neçə ildən sonra sayı 60-a catmış azərbaycanlılar sıxışdırılaraq çıxarılmışdır.

QIZQALA-1918-ci il. 415 nəfər yaşayıb. Ermənilər kəndin altını üstünə çevirmiş, aylarla insan cəsədləri xarabalıqlardan yıgılmamışdır. Qızqala ölü kəndə çevrilmişdir.

ZAR-1918-ci il. 1828-ci ildən sonra gəlmə ermənilər yerləşdirilmişdir. Kənddə 1500 nəfər azərbaycanlı yaşamışdır. Erməni hökumətinin genosid siyasəti nəticəsində azərbaycanlıların böyük bir qismi güllə-baran edilmiş, qılıncdan keçirilmiş, salamat qalanlar isə kənddən çıxarılmışdır. 1822-ci ildə 52 nəfər köhnə yurda dönmüş, bir müddətdən sonra kəndi tərk etmişlər.

KAMAL-1918-ci il. 800 nəfər əhalisi olmuşdur. Qanlı qırğınlardan sonra kənd alt-üst olmuş, əhali qılıncdan keçirilmişdir. Kənd xarabalığa çevrilmişdir.

NURNUS -1918-ci il. 700 nəfərlik kəndi yerlə-yeksan etmişlər. Əhalisinin böyük bir hissəsi amansızlıqla qırılmış, sağ qalanlar isə işgəncələrlə qovulmuşdur. 1922-ci ildə ata-baba yurduna dönən 52 nəfər nurnuslu kəndə ermənilərin dolduğunun şahidi olmuşlar.

KƏNKAN-1918-ci il. 2500 nəfər əhalisi olmuşdur. Digər kəndlərdə oldugu kimi daşnak hökumətinin genosid siyasəti burda da öz əksini tapmışdır. Zalımlıqla məhv edilən kənddə 100-dən artıq körpə uşagın cəsədini saymışlar.

ZƏNGİBASAR

BÖYÜK ÇOBANKƏRƏ-1918-ci il. 5000 nəfər olmuşdur. Daşnakların soyqırım siyasətinin ilk qurbanlarından biri də bu kənd olmuşdur. Dro və Andranikin əmri ilə daşnak qoşunu kənddə fəlakət törətmiş, o quduz cəlladlar uşağa, böyüyə, qadına rəhm etmədən qırmışlar. 1922-ci ildə kəndə 66 nəfər dönmüşdür.

ULUXANLI-1918-ci il. 4000 nəfər əhali yaşamışdır. Andranik şəxsən rəhbərlik etdiyi silahlı quldur dəstələri kəndi yerlə-yeksan etmiş, qadına, uşağa məhəl qoymadan əhalini ucdantutma qılıncdan keçirməyə cəhd göstərmişlər. 1922-ci ildə kəndə qayıdanların sayı 1800 nəfər olmuşdur.

HƏSƏNLİ-1918-ci il. 670 nəfər yaşamışdır. Kənd daşnaklar tərəfindən yandırılmış əhalinin böyük bir hissəsi qılıncdan keçirilmiş, az hissəsi işgəncələrlə qaçıb  qurtarmışdır. Kənd 9 il xaraba qalmış, 1926-cı ildə 87 nəfər dogma kəndin xarabalarında yeni evlər tikmişlər.

DƏMİRÇİ-1918-ci il. 2500 nəfər yaşamışdır. Andranikin əmri ilə silahlı cəllad ermənilər bu kəndi yerlə-yeksan eləmiş, əhalisini qırmış, sağ qalanları qovub çıxamışlar. 1922-ci ildə Sovet hökumətinin dönəmində 492 nəfər Dəmirçiyə dönmüşdür.

EÇMİƏDZİN (ÜÇMÜƏDZİN)

AYARLI-1918-ci il. 800 nəfər yaşamışdır. Kənd bütünlükdə soyqırım qurbanı olmuşdur. Əhalisinin əksəriyyəti işgəncələrlə öldürülmüş, salamat qalanlar didərgin düşmüşlər. Bundan sonra kəndə ermənilər yerləşdirilmişdir.

QARĞABAZARI-1918-ci il. 790 nəfər yaşamışdır. Erməni daşnaq birləşmələri kəndi yerlə-yeksan etmiş, dağıdıb talamış, əhalisini amansızlıqla qırmışlar. Kənd bir neçə il xaraba qalmışdır. 1922-ci ildə 182 nəfər gəlib kəndi bərpa etməyə çalışmışlar. Tədricən azərbaycanlı əhali sıxışdırılıb, onlar 1948-ci ildə Sabirabadın Həşimxanlı kəndinə köçmüşlər.

ƏŞTƏRƏK

PƏRSİ-1918-ci il. 400 nəfər əhalisi olmuşdur. Erməni silahlı dəstələri kəndi elə dağıtmış, əhalisini elə qırmışlar ki, kənd 1926-cı ilə kimi xaraba qalmışdır. Bundan sonra ermənilər yerləşdirilmişdir.

HAMAMLI-1918-ci il. 730 nəfər əhalisi olmuşdur. Erməni millətçilərinin soyqırım təşəbbüsünə uyğun olaraq kənd əhalisini kütləvi və amansız şəkildə qırğına məruz qoymuşlar. Az miqdarda qaçıb canını qurtaran olub. 1922-ci ildə 88 nəfər kəndə dönmüş, 1940-cı illərin axırlarında kənd ləğv edilmişdir.

TALLİN

QULDƏRV-1918-ci il. Kəndin 400 nəfərdən artıq əhalisi işgəncələrlə öldürülmüş, salamat qalanlar isə dağlarla Türkiyənin müxtəlif vilayətlərinə qaçmışlar. Kəndə ermənilər sahiblənmişlər.

ƏKƏRƏK – 1918-ci il. 670 nəfər əhalisi ollmuşdur. Daşnak hökumətinin fitvası ilə bandit dəsələri kəndi dağıtmış, əhalinin böyük hissəsini qırmış, salamat qurtaranları Türkiyəyə qaçmağa məcbur etmişlər. Qaçqınlar yolda böyük tələfat vermişlər. Dərhal kəndə gəlmə ermənilər doldurulmuş, kəndin azərbaycanlı əhalisi haqda bilgi əldə edilməmişdir.

HOKTEMBERYAN (QURDQULU)

İYDƏLİ-1918-ci il. 1000 nəfərdən ibarət əhalisi olan bu kənd erməni danak soyqırım siyasəi qurbanlarının bariz nümunəsidir. Kənd əhalisinə elə divan tutmşlar, elə qırmışlar ki, 1922-ci ildə ancaq 87 nəfər kəndə dönə bilib. Onlar da sıxışdırılıb çıxarılmış, kənd tamamilə erməniləşdirilmşdir.

CANFİDA-1918-ci il. 1300 nəfər əhalisi olmuşdur.. Daşnak hökumətinin fitvası ilə erməni silahlıları kəndin altını üstünə çevirmişlər. Əhalinin əksər hissəsini qəddarcasına məhv etmişlər. Bundan sonra kənd erməniləşdirilmişdir.

ARTAŞAT

QAFARLI-1918-ci il. 650 nəfər yaşamışdır. Andranikin cəllad silahlıları kəndi birdəfəlik yer üzündən silmişlər. Şahidlərin dediyinə görə kənddən az sayda adam qaçıb qurtara bilmişdi. Şahidlərin söylədiyinə görə, meyit əlindən tərpənmək olmurdu. Meyidlərin arasında dolaşan itlərin ulaşmasından adamı vahimə bürüyürdü. Kənddən yalnız xarabalıq və qəbristanlığın izləri qalmışdır.

VEDİ

DƏHNƏZ-1919-cu il. 450 nəfər yaşamışdır. Daşnak hökumətinin soyqırım siyasəti bu kənddə böyük fəlakət törətmişdir. Gecə camaat şirin yuxuda olarkən kəndə basqın edib mühasirəyə almışlar. Evlərə, ot tayalaraına od vurub yandırmışlar. Evdən çıxan ya güllələnmiş, ya qılıncdan keçirilmiş. 150-dən artıq insanın başı kötüyn üstə qoyulub balta ilə kəsilmişdir. Qonşu kəndlərdən kömək gələnə kimi 247 adam amansızlıqla məhv edilmişdir. Səttar oglu Əlinin ailəsindən 36 nəfər işgəncələrlə öldürülmüşdü.

QƏDİRLİ-1919-cu il. 900 nəfər əhalisi olmuşdur. Andranikin silahlı dəstələri kəndi yerlə-yeksan etmişdir. əhalisinin bir hissəsi qılıncdan keçirilmiş, işgəncələrlə öldürülmüşdür. Sağ qalanlar qovulmuşlar. Kənd sonralar ermənilərin əlinə keçmişdir.

YAYCI-1918-ci il. 200 nəfər yaşamışdır. Daşnak silahlıları kəndi yerlə-yeksan etmişlər. Kənd 7 il xaraba qaldıqdan sonra bu kəndin yanında erməni kəndi salmışlar. Əhalisi məhv edilmişdir.

ƏZİZBƏYOV

LEYLİKÖÇƏN-1918-ci il. 442 nəfər əhalisi olub. Kənd dağıdılıb, əhalisi məhv edilib. Xarabalığa çevrilmişdir. Ölü kənd.

MARATÜZ-1918-ci il. 273 nəfər əhalisi olub. Daşnak Japonun göstərişi ilə bir nəfər salamat adam çıxmamışdır.

GOMUR-1918-ci il. 400 nəfər əhalisi olmuşdur. Nijdenin cəllad xislət quldur dəstələri kəndi dörd tərəfdən mühasirəyə almış, əhalini böyük-kiçik demədən qılıncdan keçirmişlər. Şahidlər demişlər ki, Axta çayının suyu sanki qan axırdı.

GÜMÜŞXANA-1918-ci il.. 300 nəfər əhalisi olub. Sonralar 27 adamın aradan salamat çıxdığı bildirilir. Ölü kənd...

GÖYƏRÇİN-1918-ci il. Daşnaklar kəndı yerlə-yeksan ediblər. Salamat çıxan olmayıb.

ZEYTƏ-1918-ci il. “Japonun” daşnak qaniçənləri 580 nəfərlik bu kəndi darmadağın etmiş, əhalinin böyük qismi məhv edilmişdir. Qaçıb qurtaran insanlar Naxçıvana sığınmışlar. 1922-ci ildə 34 adam öz doğma evinə dönmüşdür.

Maral dərəsi

QABAXLI-1919-cu il. 763 nəfər əhalisi olub. Kənd yandırılmış, dinc əhali yanan evlərdən qalxan alovun içinə atılmış, qaçmaq istəyənlər güllələnmiş, qılıncdan keçirilmişdir. Sağ qalanlar Kəlbəcərə, ordan da Gəncəyə keçmişlər. 1922-ci ildə 67 nəfər doğma kəndə qayitmışdır.

QIZILGÜL-1918-ci il. 412 nəfərlik bu kənd “Japonun” və Doluxanovun komandası altında yerlə-yeksan olmuşdur. Əhali məhv edilmişdir.

ŞORCA-1918-ci il. 120 nəfər yaşamışdır. Kənd dağıdılmış, əhalisi tamamilə yox edilmişdir. O zamandan kənd ölü kənddir.

QƏMƏRLİ

MUĞANLI-1918-ci il. 900 nəfər yaşamışdır. Daşnakların genosid siyasətinə qurban getmiş yüzlərlə kənddən biri. Əhaliyə divan tutaraq məhv etmişlər. 1922-ci ildə kəndə 28 nəfər qayıtmş və doğma yurdun ermənilərin əlində olduğunun şahidi olmuşlar.

ÇİLƏXANLI-1918-ci il. 900 nəfər yaşamışdır. Daşnak hökumətinin soyqırım siyasəti bu kənddə də qanlı sonluqla başa çatmışdır. Kənd Yandırılmış, uşaq, qadın, qoca namərdcəsinə oda atılmlş, Kişilər qılıncdan keçirilmişdir. Sağ qalan əhali haqqında məlumat yoxdur. Ölü kənddir.

QAFAN

QATAR-1905-ci ildə kəndi dağıdıb, əhalisini qilincdan keçirmişlər. 1918-ci il. 5200 nəfər əhalisi olmuşdur. 1904-cü il təvəllüdlü Qatar kəndinin sakini Babayev Ləif Xudaverdi oğlunun dediklərindən: “1918-ci il qırgını yaxşı yadımdadır. Təpədən dırnağa silahlanmış erməni quldurları bizə qaçmağa da imkan vermirdilər. Ancaq ona çalışırdılar ki, bizi qırsınlar, evləri talasınlar. Sonra məlum oldu ki, camaatımızın 50 faizini yox etmişlər”. 1922-ci ildə öz kəndlərinə dönmək istəyən qatarlıları öz kəndlərinə buraxmayıb, onlara Qafan şəhərində yaşamaq imkanı verdilər. 1988-ci ildə isə oradan da qovub çıxardılar.

OXÇU-1918-ci il. 2000-dən artıq əhalisi olmuşdur. Dekabrın 11-də Andranikin başçılıgı ilə barışıq, sülh adıyla məscidə toplayıb qapını bağladıqdan sonra od vurub yandırmışlar. Çağırışa getməyən Musafa adlı adam salamat qalmış və bu hadisəni danışmışdır. O demişdir: “Andranikin törədiyi bu faciə tarixdə ən böyük qətliamdır. Uşağa, qadına, qocaya, cavana məhəl qoymadan kəndin camaatını çox insafsızlıqla məhv etdirdi” Oxçu bundan sonra erməni kəndi olmuşdur.

MEHRİ

MARALZƏMİ-1918-ci il. Zəngəzur qəzası rəisinin 1918-ci il 26 noyabr tarixli raportunda deyilir: “Mehri dərəsinin erməni dəstələri Vartanizor I - 100 tüstü və Vartanizor II (Maralzəmi) 60 tüstü müsəlman kəndlərini dağıtmış və 200 nəfər əhalini qılrmışlar...” (Azərbaycan SSR EA xəbərləri, N 4, 1989, səh. 87)

SİSYAN (QARAKİLSƏ)

VAĞUDİ-1918-ci il. 1330 nəfər əhalisi olmuşdur. Kənd əhalisinə böyük zülm edilmiş, 15 gözəl qız təhqir edilərək öldürülmüşdür. 400 nəfər kənddəki müsəlman məscidə doldurulmuş, əvvəlcə pəncərədən əldəqayırma bomba atılmış, sonra isə məscidə od vurulub və bütün adamlar yandırılmışdır. Qadınların döşünü kəsmiş, xəstələri yataqda doğramışlar.

1920-ci ildə Azərbaycan Demokratik Respublikası rus Sovet imperiyası tərəfindən işğal edildi. Ermənistan Sovet Sosialist Respublikasının qismən nəzarətinə verilən Zəngəzur, Göyçə, Qaraqoyunlu, Şərur, Dərələyəz, Dilican və Gürcüstanın qismən nəzarətinə verilən Borçalı ilə birlikdə 27,5 min kv. km sahə Azərbaycandan qoparıldı. 1920-1991-ci illərdə SSRİ ərazisində olan Azərbaycan Sovet Sosialist Respublikasının ərazisi 86,6 min kv. km olub. Moskva, ümumiyyətlə, Azərbaycanın 15 mahalı (Göyçə, Dərəçiçək, Gərnibasar, Zəngibasar, Vedibasar, Dərələyəz, Sürməli, Ağbaba, Pəmbək, Sərdarabad, Zəngəzur, Şəmsəddin, Qaraqoyunlu, Dağborçalı, Şörəyöl) üzərində Ermənistan yaratdı.

Artıq Sovet hökumətinin “qardaşlıq və birlik” şüarını əldə rəhbər tutan bəzi erməni müəllifləri qismən də olsa hadisələri qiymətləndirirdilər. Erməni mənbələri yazırdılar ki, daşnaklar hakimiyyətdə olduqları müddətdə (1920-ci ilin 29 noyabrına qədər) 440-dan artıq azərbaycanlı kəndini yandırıb məhv etmiş, yüz minlərlə azərbaycanlının qaçqına çevrilməsinə səbəb olmuşdular.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər