01.12.2024, 22:27
AZ EN
27.11.2024, 16:51 219

İki dəfə deportasiyaya məruz qalan nəslin nümayəndəsi: Hüquqlarımızın bərpa ediləcəyinə inanırıq

QƏRBİ AZƏRBAYCAN
  • Ötən əsrin 1948-1953-cü illərində ermənilər tərəfindən dədə-baba torpaqlarından zorla çıxarılan, sonradan yurd həsrətinə dözməyərək geri qayıdan azərbaycanlıların övladları, nəvə və nəticələri də 1987–1991-ci illərdə eyni taleyi yaşamalı oldular. İndi Qərbi azərbaycanlılar illərdir ki, doğulub, boya-başa çatdıqları elin nisgilini çəkirlər. Doğma yurdunun xəyalı ilə yaşayan minlərlə insandan biri də 1962-ci ildə Zəngibasar mahalında dünyaya göz açan Raidə İsmayılovadır. 

Keçmiş günlər Raidə xanımın yaddaşında bugünkü kimi qalıb. “Uluxanlı qəsəbəsində anadan olmuşam, ailədə 6 uşaq idik. Babam hesabdar olub, 1948-ci ildə deportasiyaya məruz qalıb Sabirabad rayonuna gəlsə də, sonradan yurd həsrəti onu geri dönməyə vadar edib. Babam ermənilərin azərbaycanlılara divan tutmaları, onların malını-mülkünü necə taladıqları barədə tez-tez danışardı. Onda nə biləydik ki, gün gələcək biz də eyni müqəddəratı yaşayacağıq”, - deyən müsahibim bildirir ki, 9 böyük küçədən ibarət qəsəbədə böyük əksəriyyət azərbaycanlı ailələr olub, ermənilərin sayı isə azlıq təşkil edib. Sonradan yaşayış məntəqəsinin kənarındakı boş ərazidə binalar tikib, xaricdən gələn erməniləri oraya köçürüblər.

Raidə İsmayılova bir zamanlar görkəmli maarifçi Cəlil Məmmədquluzadənin də pedaqoq kimi fəaliyyət göstərdiyi məktəbdə təhsil alıb. Atası həmin təhsil müəssisəsində kimya fənnini tədris edib: “Atamın şagirdlərinin əksəriyyəti ali təhsilli, ziyalı olaraq yetişib. O, işinə çox məsuliyyətlə yanaşırdı. Ümumiyyətlə, azərbaycanlı müəllimlər yaxşı oxumağımız üçün əllərindən gələni əsirgəmirdilər, ermənilər isə işlərinə məsuliyyətsiz yanaşır, bizimlə soyuq davranırdılar. Bunun səbəbini illər sonra anladıq...”.

O, Uluxanlıda azərbaycanlıların əkinçiliklə, üzümçülüklə məşğul olduqlarını, meyvə-tərəvəz yetişdirərək, onu satıb dolandıqlarını bildirir. Qəsəbə sakinləri adət-ənənələrə önəm verib, bayramları təmtəraqla qeyd ediblər. Bir-birinə bağlı olan azərbaycanlılar sevinclərini, dərdlərini bölüşüblər. “Ermənilər üzümüzə gülürdülər, amma daxillərində bizə nifrət bəsləyirdilər. İstədiklərinə nail olmaq üçün həmişə ən yaramaz üsullara əl atırdılar. Qonşuluğumuzdakı erməni ailəsi ilə həyətimizi bir çəpər ayırırdı. Atam tez-tez çəpərimizin bizə tərəf çəkildiyini görürdü. Anlayırdı ki, qonşu olan erməni yenə bir neçə qarış yeri qamarlamağı özünə qənimət bilib. Atam isə abrına qısılıb səs etmirdi”, - deyən Raidə İsmayılovanın sözlərinə görə, deportasiyadan sonra öyrəniblər ki, evlərində elə həmin qonşu erməni ailəsi yaşayır.

Uluxanlılar erməni həyasızlığını, məkrini sonralar da dəfələrlə görüblər. 1983-cü il aprelin 24-də ermənilər Uluxanlıya basqın etməkdən belə çəkinməyiblər: “Bizim eldə toylar 3 gün davam edirdi, bol nemətli süfrələr açardıq, yallı gedib, şadlanardıq. Bir gün kişilər, ertəsi gün qadınlar yığılardı, üçüncü gün isə “Bəy tərifi” mərasimi olardı. Azğın ermənilər basqın zamanı qonşuluğumuzdakı toy mərasimini dağıtmışdılar, azərbaycanlıların evlərinə zərər vurmuşdular, qəsəbədəki qəbiristanlıqda qəbir daşlarını sındırmışdılar”.

Sonradan ermənilər özlərinin deportasiyaya hazırlıq planlarını yarı gizli, yarı açıq formada həyata keçirməyə başlayıblar. 1987-ci ilin noyabrında Qafandan Qərbi azərbaycanlıların çıxarılması ilə ermənilərin azərbaycanlılara qarşı təzyiqi daha da artıb. 1988-ci ilin sonlarında vəziyyət lap dözülməz hal alıb. “Ermənilər mağazaları işləməyə qoymurdular, azərbaycanlılar çörək və digər lazımi malları ala bilmirdilər. Əkib, yetişdirdikləri məhsulları satıb, pul qazanmalarına imkan verilmirdi. Saqqallı ermənilər qəsəbəyə maşınlarla daş daşıyıb, evləri daşlayaraq, qapı, pəncərələri sındırırdılar, əhalinin pulunu, qızıl-zinət əşyalarını qarət edirdilər. Bəzi tikililəri yandırmışdılar”, - deyən Qərbi azərbaycanlının sözlərinə görə, azərbaycanlılar bütün bu vəhşiliklərə dözsələr də, sonda ev-eşiyi, malı-mülkü orada qoyaraq Uluxanlını tərk etməyə məcbur olublar. “Heç kəs öz yurdundan çıxmaq istəmirdi. Anamın mürəbbə ləyəni belə ocaqda qalmışdı. Babamın qəbrini qoyub gələn atam bu dərdə dözə bilmədi. Onu çox ovutmağa çalışsaq da, buna nail ola bilmirdik. Bir müddət sonra yurd xiffəti ilə dünyasını dəyişdi”, - deyən Raidə İsmayılova qəhərlənir...

Həmsöhbətim haqqın, ədalətin bərpa ediləcəyinə əmin olduğunu da deyir. O, Azərbaycana böyük Zəfər bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində hüquqlarının bərpa ediləcəyinə, Qərbi azərbaycanlıların öz yurdlarına ləyaqətli şəkildə qayıdışının reallaşacağına bütün qəlbi ilə inandığını bildirir. (AZƏRTAC)

Oxşar xəbərlər