Bu gün Ağalıda yaşayan insanlar öz həyatlarından oduqca məmnundurlar.
Zəngilan rayonunun Ağalı kənd sakini Qiyafət Həsənova deyir ki, bu gün sevincimin həddi-hüdudu yoxdur. Çünki otuz illik həsrətimizə son qoyulub. Artıq yarım ildir ki, doğa kəndimizdə binə qurmuş, yurd-yuva salmışıq. Qürur hissi ilə deyirəm: nə yaxşı ki, Ağalıya ilk köçənlərdən biri də bizim ailəmiz oldu. İlk dəfə bura gələndə heç nədən korluq çəkmədik. Doğma Vətəndə olmaq sevgisi bizə hər bir çətinliyin öhdəsindən gəlmək üçün güc verdi. Həyat yoldaşım Nuşirəvan Həsənov və iki qız övladımızla dövlətin bizə verdiyi 3 otaqlı evdə xoşbəxt günlərimizi yaşayırıq. Böyük qızım Nazənim Ağalı kənd orta məktəbinin 9-cu, Sona isə 8-ci sinifində təhsil alırlar. Nuşirəvan Həsənov isə bildirir ki, qızlarıma bacılarımın adlarını qoymuşam. Nazənim bacım rəhmətə gedib. Sona isə şükür, yaşayır. Əgər belə demək mümkünsə, bacılarımı öz evimə yığmışam.
Qiyafər Həsənovanın dediyinə görə, o, “GilMed” fabrikində, həyat yoldaşı Nuşirəvan Həsənov isə kənd ətrafı Göl və Çay ərazisində nəzarətçi işləyirlər.
Qiyafət xanım bildirir ki, kəndimizdə orta məktəb, ASAN xidmət, xəstəxana, bağça, Kapital Bank, “Xeyir-şər” yeri, marketlər əhalimizə xidmət edir. O, sonra əlavə edir ki, biz kənd camaatı burada iş yerlərinin sayının artmasını istəyirik.
Qiyafət xanım onu da bildirdi ki, biz ilk dəfə bura gələndə həyətimiz boş idi, ailəliklə təsərrüfatçıl olduğumuza görə həyətimizdə meyvə ağacları, gül-çiçək əkdik, kiçik tərəvəz sahəsi yaratdıq. Kəndimizə gələn qonaqlar mütləq bizim göz-könül oxşayan evimizə baş çəkir, bir stəkan da olsa, çayımızı içirlər. Burada yaratdığımız şərait qonaqları da məmnun edir.
O, deyir: bizi doğma torpağımıza qovuşdurduğuna, bizə hər cür şərait yaratdığına görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, Birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlığımızı bildiririk. Bu torpaqlar uğrunda canlarını fəda edən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyirik. Biz də çalışacağıq ki, övladlarımız heç bir zaman şəhidlərimizi unutmasınlar.
Arzu edirik ki, tezliklə Böyük Qayıdışın addım səsləri bütün rayonlarımızda eşidilsin. Keçmiş məcburi köçkünlərimizin hamısı doğma vətənlərinə geri dönsünlər. Çünki burda həyat daha mənalı və gözəldir.
Hazırladı: Tahirə AĞAMİRZƏ