Kəlbəcər şəhərinin birinci yaşayış məhəlləsinə sakinlərin köçürülməsi ilə bağlı təşkil olunan mərasimdə Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər. Ailə başçılarına mənzillərin açarları təqdim olunub. Ailələr sevinc hissi ilə yeni mənzillərində yerləşiblər. Həmin mənzillər fasiləsiz su, elektrik enerjisi, istilik, yüksəksürətli internet xətləri ilə təmin edilib.
Kəlbəcər şəhərinə növbəti köç karvanı ilə 27 ailə, ümumilikdə, 118 nəfər köçürülüb. Onların arasında şəhid ailəsi üzvü, müharibə əlili və müharibə veteranları da yer alır. Bununla da şəhərin I yaşayış məhəlləsində birinci mərhələ üzrə ümumilikdə 135 ailənin qayıdışı təmin edilib.
Köçürülən əhali müxtəlif yaş kateqoriyalarını əhatə edir. Əmək qabiliyyətli şəxslər əsasən dövlət və özəl sektorda müxtəlif istiqamətlər üzrə əmək fəaliyyəti ilə məşğul olur, bir sıra dövlət qurumlarında, xidmət, infrastruktur və istehsal sahələrində çalışırlar.
Kəlbəcər şəhərinə qayıdış prosesi mərhələli şəkildə davam etdirilir. Dayanıqlı məskunlaşmanın təmin olunması və sosial infrastrukturun inkişafı istiqamətində tədbirlər ardıcıl olaraq həyata keçirilir. (AZƏRTAC)