Azad olunmuş ərazilərə ötən il olduğu kimi yenə də yalnız həmin rayondan olan fermerlərin təsərrüfatları köçürüləcək. Bu il Kəlbəcər yaylaqlarına həmçinin Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən damazlıq arıçılıq və qoyunçuluq təsərrüfatlarının da köçürülməsi nəzərdə tutulur.
Portalda qeydiyyatdan keçmiş arıçılıq təsərrüfatlarının rəhbərləri 10-12 may tarixlərində Göygöldə yerləşən ANAMA-nın Təlim Mərkəzində azad olunmuş ərazilərdə xüsusi davranış qaydaları ilə bağlı təlimlərə cəlb olunacaq. Təlimləri başa vurmuş fermerlər köç etdikləri ərazilərdə müvafiq təlimata uyğun davranacaqlarına dair iltizamnamə imzaladıqdan sonra, onların mərhələli şəkildə yaylaqlara köçü təmin ediləcək.
Qeyd edək ki, 2021-ci ildə Kəlbəcər və Laçın yaylaqlarına 4500-dən artıq arı ailəsi köçürülüb, bu il isə təkcə Kəlbəcər rayonu ərazisinə 20 mindən çox arı ailəsinin köçürülməsi planlaşdırılır.