Ağalarovlar ailəsi kənddə ilk şirniyyat evini açıblar. Sadiq Ağalarov burada həyat yoldaşı ilə birgə çalışır. S.Ağalarov deyir ki, 29 ildən sonra öz dədə-baba yurdumuza gəlmişik. Bu günə çox şükür. Xəyallarımız gerçək oldu. Torpaqlarımız uğrunda şəhid olanlara Allah rəhmət eləsin, qalanlara cansağlığı versin. İki aya yaxındır ki, burada öz kiçik biznesimizi qurmuşuq. Ağalıda yaşamağa dəyər, burada hər şey gözəldi!
7 yaşında Ağalıdan ayrılan Ramal Orucov da burada öz kiçik biznesini qurub. İndi doğma kəndində dönərxana işlədir. Onun hazırladığı dönərlərin dadına baxanlar çox bəyənirlər. Kənd sakinləri, hərbçilər onun daimi müştəriləridir.
Ağalıda indiyədək 100-dən çox sakin işlə təmin olunub. Ötən il avqust ayından fəaliyyətə başlayan ilk tikiş emalatxanasında 20-dək qadın çalışır. Onlar tibbi ləvazimat hazırlayırlar. İstifadəyə hazır olan mallar satış üçün Bakıya göndərilir. Burada xəstə paltarları, həkim xalatları, çox istifadəli önlüklər, yataq dəstləri, tibbi maskalar istehsal olunur.
Türkiyə və Azərbaycan Qardaşlıq küçəsində isə bazar fəaliyət göstərir. Bazar əhalinin gündəlik tələbat mallarını təmin etməklə yanaşı onların məşğulluğuna da şərait yaradır.
Hazırladı: Mina RƏŞİD