Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyi və Fövqəladə Hallar Nazirliyinin birgə təşəbbüsü ilə Zəngilan rayonunun Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib. Tədbirdə hər üç rayonun ərazisində fəaliyyət göstərən dövlət qurumlarının nümayəndələri, eləcə də müxtəlif şirkətlərin rəhbər şəxsləri iştirak ediblər.
Tədbirdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonları ərazisində baş verə biləcək yanğın hadisələrinin qarşısının vaxtında alınması və yanğınlarla birgə mübarizə aparılması yolları, eləcə də Fövqəladə Hallar Nazirliyinin vəzifələrinə aid olan dağ-mədən və tikintidə təhlükəsizlik məsələləri ilə bağlı müzakirələr aparılıb. Eyni zamanda, müzakirələr zamanı ərazidə fəaliyyət göstərən şirkətlər və onların əməkdaşlarının yanğın təhlükəsizliyi qaydaları üzrə hazırlıq səviyyəsinin artırılması istiqamətində maarifləndirici tədbirlərin əhəmiyyəti vurğulanıb. (AZƏRTAC)