24.02.2026, 18:20
AZ EN
24.02.2026, 16:30 158

“Bəsitçay”: əsrlərlə formalaşmış ekosistem necə qorunur...

ŞƏRQİ ZƏNGƏZUR
  • Nadir təbiət incilərindən olan “Bəsitçay” Dövlət Təbiət Qoruğu Azərbaycanın ekoloji xəzinəsi hesab olunur. Zəngilanın dağlıq ərazilərində yerləşən qoruq bioloji müxtəlifliklərlə zəngindir. Əsrlərlə formalaşmış bu ekosistem xüsusilə qədim çinar ağacları ilə tanınır. Dünyanın ən qədim və ən iri ölçülü çinar ağacları məhz burada cəmləşib.

Bu qoruq nadir Şərq çinarının qorunub saxlanılması məqsədilə Azərbaycan SSR Nazirlər Sovetinin 4 iyul 1974-cü il tarixli qərarı ilə 107 hektar ərazidə yaradılıb. Kiçik Qafqaz dağlarının cənub-şərq hissəsinin Bəsitçay ətrafı boyunca ərazini əhatə edən qoruğun adı buradan axan çayın adından götürülüb. Monqol mənşəli “Bəsitçay” Beysut tayfasının adını özündə ehtiva edir. Çinar ağacları qoruq ərazisinin 93,5 faiz ərazisində yayılıb. Burada ağaclarının orta yaşı 170 ilə çatır, lakin 1200-1500 illik ağaclar da var. Qoruğun ərazisində hündürlüyü 50, diametri 4 metrə çatan çinarlara da rast gəlinir. Dəniz səviyyəsindən 600-800 metr yüksəklikdə yerləşən Bəsitçayın sağ sahil dik yamaclı dağlardan, sol tərəfi isə təpəliklərdən ibarətdi. Çay dərəsi boyunca ensiz düzənlik uzanır.
Yeri gəlmişkən, dünyada çinarın 7 növü var. Azərbaycanda isə onun yalnız bir növü - Şərq çinarı geniş yayılıb. Nadir ağaclardan hesabolunan Şərq çinarının adı “Qırmızı kitab”a düşüb. Qoruqda 50 ağac-kol, 300-dən artıq kol bitkisi  növü var.

Otuz ilə yaxın işğalçı Ermənistan ordusunun tapdağı altında qalan qoruğun təbii ehtiyatları vəhşicəsinə talan olunub və ya məhv edilib. Qırx dörd günlük Vətən müharibəsindən sonra işğaldan azad edilən “Bəsitçay” Azərbaycan dövlətinin xüsusi nəzarəti altında qorunur.

Xatırladaq ki, “Bəsitçay” Dövlət Təbiət Qoruğu ekoturizm üçün ideal məkandır. Təsadüfi deyilki  torpaqlarımız işğaldan azad olunandan sonra Prezident İlham Əliyevin səfər etdiyi ilk ərazilərdən biri məhz həmin qoruq olub. Dövlət başçısının 2021-ci il oktyabrın 20-də imzaladığı sərəncamla qoruğun fəaliyyətinin təşkili ilə bağlı aidiyyəti dövlət orqanlarına zəruri tədbirlər görmək tapşırılıb. Hazırda həmin sərəncam əsasında nəzərdə tutulmuş tədbirlərin icrası uğurla davam etdirilir.

Röya SALMANQIZI

Oxşar xəbərlər