25.01.2026, 15:01
AZ EN
25.01.2026, 11:29 76

Kəlbəcərdə təhsilin dirçəlişi: Bəhmən Cəfərov adına 1 nömrəli orta məktəbdən REPORTAJ

ŞƏRQİ ZƏNGƏZUR
  • İşğaldan azad edilərək yenidən qurulan Kəlbəcər şəhərində həyat mərhələli şəkildə bərpa olunur. Təhsilin dirçəldilməsi isə bu prosesin ən vacib istiqamətlərindən biridir. Şəhərdə fəaliyyət göstərən Bəhmən Cəfərov adına 1 nömrəli orta məktəb kəlbəcərli müəllim və şagirdlərin doğma yurdda ilk təhsil sevincini yaşadığı məkana çevrilib.

Doğma torpaqda gerçəkləşən müəllim arzusu

Coğrafiya müəllimi Aynur Nəcəfova üçün burada dərs demək illərlə qəlbində yaşatdığı arzunun gerçəkləşməsidir. Uzun illər Gəncədə pedaqoji fəaliyyət göstərən müəllim üçün ən böyük arzu məhz doğma torpaqda təhsil vermək olub. Bu gün isə arzusuna çatıb. Coğrafiya müəllimi kimi Kəlbəcərin relyefini, iqlimini, təbiətini şagirdlərə elə buradaca izah edir: “Mən 1990-cı ildə Kəlbəcərdə dünyaya gəlmişəm. Üç yaşım olanda Kəlbəcərdən məcburi köçkün düşüb Gəncə şəhərində məskunlaşmışıq. Gəncə şəhərində 13 il pedaqoji fəaliyyətlə məşğul olmuşam. Həmişə arzum o olub ki, öz doğma torpağımda təhsil verim. Bu gün biz doğma Vətənimizdəyik və bununla qürur hissi duyuruq. Çox şükürlər olsun ki, artıq öz torpağımıza qayıtmışıq. Keçirdiyimiz bu hisslərə görə şəhidlərimizə, qazilərimizə və Ali Baş Komandana borcluyuq. Bu torpaqların hər qarışında şəhidlərimizin qanı var. Kəlbəcərə qayıtmaq, burada yaşamaq və pedaqoji fəaliyyətimi davam etdirmək mənim üçün çox qürurverici hissdir. Bu hissləri sözlə ifadə etmək çətindir”.

Xatirələrdən gerçəyə: Kəlbəcərdə təhsil almağın sevinci

Doğma yurdda fəaliyyət göstərən ilk məktəb şagirdlər üçün də xüsusi mənəvi əhəmiyyət daşıyır. 6-cı sinif şagirdi İnci Ramazanlı Kəlbəcəri bu günə qədər yalnız ailə üzvlərinin xatirələrindən və fotolardan tanıdığını deyir: “Atam, anam, babam, nənəm həmişə Kəlbəcərdən danışırdılar. Mən də buranı görmək istəyirdim. Bu gün Kəlbəcərdə yaşadığım və burada təhsil aldığım üçün çox şadam. Buranın təbiəti və yaşayışı çox gözəldir. Dərslərimiz də yaxşı keçir”.

Kəlbəcərdə yaşamaq və oxumaq çox gözəldir

8-ci sinif şagirdi Sərxan Əsgərli isə ata yurduna qayıdışın sevincini bölüşür. Onun sözlərinə görə, ailəsi uzun illər Bərdə rayonunda məskunlaşsa da, qəlbləri həmişə Kəlbəcərdə olub: “Mən həmişə arzulayırdım ki, ata yurdum Kəlbəcərdə yaşayım. Bu gün təhsilimi Kəlbəcərdə davam etdirirəm. Burada bizim üçün çox gözəl şərait yaradılıb. Doğma yurdda yaşamaq və oxumaq çox gözəl hissdir”.

Doğma torpaqda qurulan gələcəyin başlanğıcı

Bu gün Bəhmən Cəfərov adına 1 nömrəli orta məktəbdə çalınan hər zəng Kəlbəcərdə təhsilin bərpasının, doğma yurda qayıdan həyatın ilk rəmzlərindəndir. Bu məktəb təkcə bilik məkanı deyil, həm də illər sonra doğma torpaqda qurulan gələcəyin başlanğıcıdır. (AZƏRTAC)

Oxşar xəbərlər