01.12.2025, 10:04
AZ EN
27.11.2025, 11:30 338

Kəlbəcər səhəri...

ŞƏRQİ ZƏNGƏZUR
  • Kəlbəcərin bu gün parlayan ulduz kimi işığını seyr edincə bir vaxt çadırlarda, vaqonlarda, yataqxanalarda çəkdiyimiz əziyyətlər, yaşadığımız ağrılı-acılı, həsrət dolu günlər göz önünə gəlir. İTV-nin Kəlbəcərin gözəl bir səhərindən hazırladığı reportajda deyildiyi kimi, müharibə təkcə daşı-divarı deyil, insanların xatirələrini də dağıtmışdı. İllərlə bu gözəl günü gözləmişik. İlahi, öz doğma torpağında insan necə qürurlu, necə rahat və necə xoşbəxt olarmış...

Kəlbəcərin yaşlı sakini Hüseyn Babayev də bu gün öz doğma yurduna qovuşub. O, doğma Kəlbəcərdən sevincini paylaşdığı üçün deyir ki, çox xoşbəxtəm. Hüseyn müəllim də bir çoxları kimi Kəlbəcəri nəinki Azərbaycanın, dünyanın incisi hesab edir: “Nə yaxşı ki, bu şəhərdə yaşamaq mənə də qismət oldu, öz torpağımla, Kəlbəcərlə qürur duyuram!” Hüseyn müəllimin gənclərə arzusu budur ki, onlar elə oxusunlar, elə öyrənsinlər ki, gələcəkdə Kəlbəcərin daha da abadlaşmasında yaxından, fəal iştirak eləsinlər.

İndi abad Kəlbəcərdə yeni, gözəl, başqa bir ab-hava var. İşıqlı, yaraşıqlı evlərdə real və heç vaxt unudulmayacaq, tarix kimi hekayələr yaşanır. Bura köç edən neçə nəsli Vətən sevgisi birləşdirir.

Kəlbəcərin 113 yaşlı sakini Xeyrənisə Baxşəliyeva da doğma torpağına ayaq basmaqla sanki yenidən dünyaya gəlib. Bu dünyagörmüş ağbirçək nənə deyir ki, insanı yaşadan təkcə onun döyünən ürəyi yox, həm də ayağını basdığı Vətən torpağıdı. İndi onun üçün xoşbəxtliyin tərifi burada deyildiyi kimi, daha sadədi... “Bura mənim ana vətənimdi, Kəlbəcərdə anadan olmuşam. Buranın suyu, havası can dərmanıdı. Kəlbəcərdən uzaqda ürəyim darıxırdı, havam çatmırdı, amma indi gecələr elə rahat yatıram ki, insanın doğma torpağında yaşamasından gözəl nə var ki...”

Bu gün Kəlbəcəri yaraşıqlı binalar, gözoxşayan abadlıqla yanaşı həm də uşaqların gülüşü, gənclərin sevincidi. Onlar kəlbəcərli olduqları ilə qürur duyurlar...  

Kəlbəcər sakini Azər Cəfərov uşaqlar üçün salınmış parkdakı yelləncəkdə nəvəsini yelləyir. Deyir, nəvəm buranı elə çox sevir. Özü də qürurla deyir, mən kəlbəcərliyəm... Kəlbəcərin relyefi, havası, suyu çox gözəl olan bir rayondu. 30 ildi bu həsrətlə yaşamışıq, çox şükür, indi gəlmişik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin.

Kəlbəcər sakini Gülnar Rzayeva doğma evlərindən ayrılanda onun cəmi 3 yaşı vardı. Deyir ki, o vaxt kçik olduğuma görə indi Kəlbəcəri xatırlaya bilməsəm də, doğma torpağımıza böyük sevincə qayıtmışam. İndi o gənc müəllimə kimi burada çalışmağından böyük qürur duyur. Çünki bu onun ən böyük arzusu idi.

Bu gün Kəlbəcər dağları həm də 10 yaşlı sakini Ebrunun avazına boyanır. Dağlar bu qədim nəğmənin səsiylə sanki daha da yenilməz və möhkəm bir qala kimi doğma Kəlbəcərin keşiyində dayanır...

İncə donlum yer basmayıb yeriyən,
Başım baxtı, evim taxtı, sevgilim.
Evdən çıxıb yüyürəndə sərvi boylum
Badam yesə boylu görünər incəbellim,
Topuğunda sarmaşanda qarasaçlım...

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər