Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən verilən məlumata görə, Prezidentin xüsusi nümayəndəsi Məsim Məmmədov Zabux kəndində yaşayan şəhid Cəbrayıl Vəliyevin anası Firəngiz Mahmudovanın evində olub, onların qayğıları ilə maraqlanıb. Ziyarət zamanı şəhidin fədakarlığı, Vətən uğrunda göstərdiyi qəhrəmanlıq bir daha vurğulanıb. Daha sonra şəhid Ədalət Məmmədovun ailəsini ziyarət edən xüsusi nümayəndə, ailə üzvləri ilə səmimi söhbət edib və onların qayğıları ilə maraqlanıb. Görüş zamanı şəhidin Vətən uğrunda göstərdiyi şücaətin unudulmayacağı, onun xatirəsinin daim uca tutulacağı vurğulanıb. Məsim Məmmədov şəhidin ailə üzvlərinin ehtiyac, sosial və məişət problemlərini diqqətlə dinləyib. O, şəhid ailələrinə göstərilən dəstəyin və qayğının dövlət siyasətinin ayrılmaz hissəsi olduğunu qeyd edib. Ailələrin sosial və məişət ehtiyaclarının qarşılanması üçün müvafiq tədbirlərin görüləcəyi diqqətə çatdırılıb. Görüş zamanı şəhid ailələrinə bayram sovqatı təqdim edilib. (AZƏRTAC)