23.11.2024, 13:38
AZ EN
13.09.2024, 17:22 146

İşğaldan azad olunan ərazilərdə sahibkarlığın inkişafına yönəlmiş dəstək mexanizmləri böyük əhəmiyyət daşıyır

ŞƏRQİ ZƏNGƏZUR
  • İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Şərqi Zəngəzur Ərazi Vergilər İdarəsi tərəfindən Laçın şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergiödəyiciləri ilə görüş keçirilib.

40-dan çox mikro və kiçik sahibkarlıq subyektinin iştirak etdiyi görüşdə vergiödəyicilərinin dövlət qeydiyyatı və uçotu ilə bağlı məsələlər, vergiödəyicilərinə göstərilən xidmətlər və işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan vergitutmanın xüsusiyyətləri barədə məlumat verilib.

Tədbirdə çıxış edən Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov işğaldan azad olunmuş ərazilərdə sahibkarlığın inkişafı istiqamətində dövlət tərəfindən atılan addımlar, tətbiq edilən güzəştlər, zəruri tələblər və qaydalar barədə ətraflı danışıb. Bildirib ki, bu ərazilərdə sahibkarlığın inkişafına yönəlmiş dəstək mexanizmləri böyük əhəmiyyət daşıyır. Ələkbər Məmmədov işğaldan azad olunmuş ərazilərdə rezident statusu alan sahibkarlara şamil olunan vergi güzəştləri, Vergi Məcəlləsinə edilmiş dəyişikliklər barədə ətraflı söz açıb.

Şərqi Zəngəzur Ərazi Vergilər İdarəsinin rəisi Çingiz Quliyev isə çıxışında bu ərazilərdə fəaliyyət göstərən vergiödəyicilərinin monitorinqinin aparıldığını bildirib. Onun sözlərinə görə, əsas məqsəd sahibkarlıq subyektlərinin vergi orqanında qeydiyyatda olmalarının qiymətləndirilməsidir. Çingiz Quliyev bu istiqamətdə maarifləndirmə tədbirlərinin önəmindən danışıb, atılan addımların şəffaflığın artırılmasına töhfə verəcəyini vurğulayıb.

Görüşün yekununda sahibkarları maraqlandıran suallar cavablandırılıb. (AZƏRTAC)

Oxşar xəbərlər