Qubadlı rayonunun sakinləri Novruz bayramını hər il təntənəli sürətdə qeyd edirlər. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bu il də martın 18-də Sumqayıt şəhərindəki "28 May" Mədəniyyət Evində bayram şənliyi təşkil olunub.
Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, millət vəkili İmamverdi İsmayılov, RİH aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və veteranları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Milli Qəhrəman şəhid Şükür Həmidovun atası Nəriman Həmidov və Milli Qəhrəman şəhid Bəylər Ağayevin anası Mədinə Ağayeva rayon ictimaiyyətini təbrik ediblər.
Novruz ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində qeyd olunur. Ulu Tanrıya, kainatın nizamına və ana təbiətə sonsuz sevginin parlaq ifadəsi olan bu bayramın qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir. Bayram şənliyində çıxış edən rayon sakinləri vurğulayıblar ki, Novruz, adət-ənənələrimizi əsrlər boyu yaşadıb bu günlərə gətirdiyi kimi, bu gün də bizi birləşdirir, daha da həmrəy edir. Bu ənənəni yaşatmaq və gələcək nəsillərə ötürmək hər kəsin müqəddəs borcudur. Xalqımız qədim türk məişətini, əxlaqını və bədii zövqünü özündə cəmləşdirən Novruz ayinlərini tarixən yaşadaraq bu günümüzədək gətirib çatdırıb. Bu bayramda kimsəsizlərə, ehtiyacı olanlara, ahıl insanlara baş çəkmək, onlara bayram sovqatı vermək savab hesab edilir.
Sonra vurğulanıb ki, Qubadlı sakinləri Ümummilli lider Heydər Əliyevin siyasətinə daim sadiqdir və onun layiqli davamçısı Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevi hər zaman dəstəkləyir. Tezliklə bütün məcburi köçkünlər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuzun sayəsində işğaldan azad olunan torpaqlarımıza qayıdacaqlar və Novruz tonqalları həmin torpaqlarımızda alovlanacaqdır.
Daha sonra şənliyə dəvət olunmuş tanınmış incəsənət xadimlərinin ifasında mahnılar səsləndirilib. Yazın gəlişini bildirən və xalqımızın milli-mənəvi dəyərlərini özündə ehtiva edən müxtəlif oyunlar, zarafatlar, şən-şux mahnılar hamıda xoş ovqat oyadıb.
TAHİRƏ