21.11.2024, 20:21
AZ EN
18.03.2024, 15:47 277

Zabux kənd məktəbində 32 ildən sonra Novruz şənliyi

ŞƏRQİ ZƏNGƏZUR
  • 32 İldən sonra Zabux kəndinin sakinləri Novruzu doğma yurdlarında qarşılayırlar. Baharın gəlişi məktəblilər tərəfindən də sevinclə qeyd edilib.

Laçın rayonu Ədalət Məmmədov adına Zabux kənd tam orta məktəbində keçirilən bayram tədbirində məktəb kollektivi ilə bərabər, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Hüseyn Quliyev, Şərqi Zəngəzur İqtisadi rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, hüquq mühafizə orqanlarının əməkdaşları, kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Dövlət himni səsləndirilib, şəhidlərin xatirəsi anılıb.

Novruz şənliyində qədim məişət əşyalarının, toxuculuq və əkinçilik alətlərinin, saxsı və mis qabların, digər sənət nümunələrinin sərgiləri maraqla qarşılanıb.

Məktəblilər milli geyimlər geyinib, keçəl və kosa obrazını canlandırıblar. Həmçinin açılan bayram süfrəsi şəkərbura, paxlava, qoğal və digər şirniyyatlarla bəzədilib. Şagirdlər yumurta döyüşdürüb, oyunlar oynayıb, şən musiqi sədaları altında rəqslər ediblər.

Novruz bayramı və çərşənbələr haqqında ətraflı məlumat verilib. Təkcə Novruzun deyil, digər çərşənbələrin də adət-ənənələrimizə uyğun olaraq illər öncə Zabux kəndində necə keçirildiyi barədə danışılıb.

Sonra məktəb həyətində təhlükəsizlik qaydalarına riayət olunmaqla tonqal qalanıb. Novruz tonqalını İkinci Qarabağ müharibəsinin qazisi Taleh İsgəndərli alovlandırıb. Şagirdlər ocaq ətrafında yallı gediblər.

Qeyd edək ki, hazırda Laçın rayonu Zabux kəndində 211 ailə olmaqla, 808 nəfərin məskunlaşması təmin olunub. Kənd məktəbində 60-dən çox şagird təhsil alır. (AZƏRTAC)

Oxşar xəbərlər