- Qarabağa və Şərqi Zəngəzura ilk köçdən artıq bir il ötür. Otuz il işğal altında qalan və daşı-daş üstündə qalmayan torpaqlarımıza insanlar qayıdışın belə tez bir zamanda həyata keçiriləcəyinə inanmırdılar. Ancaq 44 günlük Vətən müharibəsində əldə olunan Zəfərdən cəmi bir neçə ay sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə Ağalının təməli qoyuldu. Qısa müddət ərzində müasir və hər bir şəraitlə təmin olunan ağıllı kənd konsepsiyası ilə tikilən Ağalı kəndi ilk sakinlərini qəbul etdi. Otuz illik işğaldan sonra kənddə ilk uşaq doğuldu, sonra ilk nişan mərasimi keçirilməklə yeni ailənin təməli qoyuldu. Hazırda burada 86 ailə yaşayır. İctimai Televiziya Ağalı kəndində olub və burada yaşayan sakinlərin bir ildən sonra təəssüratlarını bölüşüb.
Ağalı sakini Qiyafət Həsənova deyir ki, kəndə ilk növbədə çətin şəraitdə yaşayan ailələri köçürürdülər. Onlardan biri də biz idik. Biz Sabunçuda Muxtarov qəsəbəsindəki 31 nömrəli yataqxanadan gəlmişik. Qiyafət xanım sonra buraya gəldikləri ilk günü xatırlayır: “Oyy, Ağalıya gəldiyimiz ilk günü heç vaxt unutmarıq. Ölüncə də yadımdan çıxmaz...” Q.Həsənova hazırda burada tikiş fabrikində çalışır. Deyir ki, əvvəl kənddəki dağıntını, o dəhşətli görüntüləri görəndə inana bilməzdim ki, doğma torpağa belə tez qayıda bilərik...
Sonra onu da da əlavə edir ki, çalışan, işgüzar insan üçün hər yerdə şərait var. O, böyük sevinclə doğma torpaqda əlləri ilə becərdiyi bostanındakı tərəvəzləri göstərir...
Mina RƏŞİD