12.03.2025, 10:38
AZ EN
08.11.2022, 19:00 478

Zəfər Günü münasibətilə Ağalıda bayram konserti olub

ŞƏRQİ ZƏNGƏZUR
  • “Böyük Qayıdış”ın ilk qədəmlərinin qoyulduğu Zəngilan rayonu Ağalı kəndində Zəfər Günü təntənəli şəkildə qeyd olunub.  Əvvəlcə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev başda olmaqla nümayəndəliyin və “Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxsin əməkdaşları Zəngilan şəhər Şəhidlər xiyabanını ziyarət edib, bizə Zəfər sevincini yaşadan şəhidlərin xatirələri ehtiramla anılıb.

Daha sonra Ağalı kəndində şanlı Qələbəmizin şərəfinə ağacəkmə aksiyası keçirilib. Ağacəkmə aksiyasında Prezidentin xüsusi nümayəndəsi, bir qrup zəngilanlı alim və ziyalı, Ağalı kənd tam orta məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Zəfər Gününə həsr olunan təntənəli tədbirə Azərbaycanın Dövlət Himni səsləndirilib, respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazandığı şanlı Zəfərin tarixi əhəmiyyətindən, Qələbədən sonrakı iki il ərazində görülmüş irimiqyaslı bərpa-quruculuq işlərindən, “Böyük Qayıdış”dan danışıb və sonda hər kəsi Zəfər Günü münasibətilə təbrik edib.

Şanlı Zəfəri şəhidlərimizə, qazilərimizə əbədi borclu olduğumuzu vurğulayan “1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxsin icraçı direktoru Növrəs Cəfərov, həmçinin Şərqi Zəngəzurda hazırda başlayan tikinti quruculuq işlərinin əhəmiyyətindən danışıb.

Daha sonra tədbir möhtəşəm konsert proqramı ilə davam edib. Konsert proqramında Zəfər Gününə, Ali Baş Komandanımıza, Ordumuza, Vətənimizə həsr olunan mahnılar ifa edilib. Tanınmış incəsənət xadimlərinin, dövlət rəqs ansamblının, nəfəsli alətlər ansamblının, Qaya ansamblının çıxışları böyük coşqu ilə qarşılanıb. Bayram konserti Qələbə yallısı ilə başa çatıb.

Azərbaycan Respublikası Prezidentinin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev jurnalistlərə müsahibəsində deyib: “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Zəfər qazanıb. Bu gün biz Ağalı sakinləri ilə birgə Zəngilanda Zəfər Gününü qeyd edirik. Bu hissləri bizə bəxş etdiklərinə görə zabit və əsgərlərimizə, şəhidlərimizə, qazilərimizə həmişə borclu qalacağıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin”.

Ağalı sakini Minə Mirzəyeva bildirib: “Biz 30 ildən sonra doğma yurdumuza qayıtmışıq və bu gün burada Zəfər bayramını qeyd edirik. Allah dövlətimizi, Prezidentimizi qorusun, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Doğma yurdumuzda yaşamaq bizim üçün çox gözəldir. Bu gün kəndimizdə bayram konserti keçirilir. Biz qəlbən sevinirik”.

Digər sakin Arzu İsmayılova isə deyib: “Çox qürurverici, çox sevindirici gündür. Zəfər bayramını öz torpağımızda qeyd edirik. Otuz ilin həsrəti sona çatıb. Şəhidlərimizin valideynləri qarşısında baş əyirik. Şəhidlərimizin ruhu bu gün şaddır. Biz də bu torpaqda şəhidlərimizə layiqli övladlar yetişdirək ki, gələcəkdə onlar Vətənimiz üçün xeyirli olsunlar. Zəfər bayramımız mübarək olsun”. (AZƏRTAC)

Oxşar xəbərlər