Arıçı Kamal Allahverdiyev Laçına 130-dan çox arı ailəsi ilə qayıdıb. Əsas məqsədi isə ata-babasından yadigar qalan bu peşəni Laçında yaşatmaqdır. O, hazırda Laçın şəhəri ilə yanaşı, rayonun dağlıq hissələrində də arı ailələrini bəsləyir.
“Arıçılıq peşəsi ata-babamdan qalıb. Tale elə gətirdi ki, doğma yurdumuzdan köçkün düşdük, həmin vaxt 9 yaşımda idim. Məcburi köçkünlük dövründə arıçılıqla məşğul oldum və öz təsərrüfatımı yaratdım. İnanırdım ki, bu arı ailələrini vaxt gələcək doğma Laçınımızda bəsləyəcəyəm. O gün gəldi. Artıq dördüncü ildir ki, təsərrüfatımla Laçındayam. Buranın təbiəti zəngindir, arılar üçün bol nektar bazası var”, - deyən arıçının təsərrüfatında 140 arı ailəsi var.
O, arı ailələrinin yerini tez-tez dəyişir. Arı alilərinin böyük hissəsini Laçının Muncuqlu dağındakı cökə meşələrində yerləşdirib. 28 arı ailəsini isə Ərikli kəndində kəklikotunun bol olduğu ərazidə bəsləyir. Buranın təbiəti xüsusi dada malik bal götürməyə imkan verir. Arıçı bu mövsüm məhsuldarlığın yüksək olacağını proqnozlaşdırır. O, 2 ton məhsul götürməyi planlaşdırır. (AZƏRTAC)