Müzakirələrdə 200-ə yaxın QHT nümayəndəsi iştirak edib.
Panel müzakirələrə Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev moderatorluq edib.
ETSN yanında İctimai Şuranın sədri Amin Məmmədov çıxış edərək, Ermənistanın dağ-mədən sənayesinin ətraf mühitə ciddi zərər vurduğunu, bununla bağlı dəfələrlə xəbərdarlıq edildiyini diqqətə çatdırıb.
O qeyd edib ki, Ermənistanın təbii ehtiyatları kifayət qədər az olsa da, bölgədəki ekoloji fəsadlarda payı böyükdür:
“Ermənistanın özündə də artıq bir növ tərpəniş var. Onlar özləri də dağ-mədən sənayesinin təbiətə, ekologiyaya nə qədər ziyan vurduğunu görməyə başlayıblar. Ümid edirik ki, Ermənistan qeyri-hökumət təşkilatları bu məsələdə əməkdaşlığa müsbət yanaşacaqlar".
Sahibkarlığa və Bazar İqtisadiyyatına Yardım Fondunun rəhbəri Sabit Bağırov isə bildirib ki, Ermənistanın dağ-mədən sənayesi ilə bağlı şəffaflıq və hesabatlılıq təmin olunmayıb:
"Dağ-mədən sənayesində cəmi 26 şirkət təmsil olunur. Amma həmin şirkətlərin haqqında demək olar, məlumat yoxdur. Ermənistanın statistika qurumunun isə veb-səhifəsinə isə daxil olmaq mümkün deyil. Ya həmin məlumatlar açıq deyil, gizlədilir, ya da onlar Azərbaycandan sayta daxil olmanı qadağan ediblər. Ona görə həmin məlumatları əldə etmək mümkünsüz olub".
"Azərbaycan kartoqrafları" İctimai Birliyinin sədri Müqabil Bayramov isə Ermənistanın dağ-mədən sənayesi haqqında hazırlanan xəritə haqqında məlumat verib. O qeyd edib ki, üç dildə təqdim olunan xəritənin erməni dilində hazırlanmasının məqsədi Ermənistan QHT-lərinin də ekoloji fəsadlarla bağlı həmrəyliyə dəvət etməkdir.
M. Bayramov onu da əlavə edib ki, həmin xəritədə təkmilləşdirmələr aparılır, məlumatlar daha da dəqiq və genişləndirilmiş formada yenidən təqdim ediləcək.
Naxçıvan Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımov isə Ermənistanın Arazdəyəndə tikdiyi metallurgiya zavodunun ekologiyaya vuracağı ziyanlar haqqında məlumat verib. O qeyd edib ki, Naxçıvanın Sədərək rayonunda yaşayan 23 min sakin bu zavodun tullantıları və hava çirklənməsi təhlükəsi ilə üz-üzədir. (Report)