“Can Laçın” Novruz yarmarkası martın 19-da Novruzun son çərşənbəsi olan Torpaq çərşənbəsində baş tutacaq. Azərbaycan Respublikası Prezidentinin Laçın üzrə xüsusi nümayəndəliyi, “Bakı Abadlıq Xidməti” MMC və Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü və təşkilatçılığı ilə Həkəri çayının kənarında keçiriləcək bayram günündə rəsmi şəxslər, Laçın sakinləri, Laçının tikinti və abadlıq işlərində çalışanlarla bərabər tanınmış qonaqların da iştirakı nəzərdə tutulur.
Can Laçın yarmarkasına usta Hüseyn Hacı Mustafazadə dünyada məşhur şəbəkələri, Aqil Kərimov milli üslubda hazırladığı papaqlarla, usta Zahid Vələdov milli musiqi alətləri ilə, xalq yaradıcılığı üzrə mütəxəssis Elnarə Rəsulova şəxsi kolleksiyası ilə qatılacaqlar. Bundan başqa, yarmarkada “Gilabi Ceramics”, “İslimi”, “Zili”, “Darayı” milli brendlərinin məhsulları sərgilənəcək. Laçın torpağında becərilən kənd təsərrüfatı məhsulları, Laçın xanımlarının əl işləri və şirniyyatlar, Zerti Aqrosənaye kompleksinin məhsulları da yarmarkada yer alacaq.
Həmçinin keçəl və kosanın çıxışları, bir çox əyləncəli proqramlar olacaq. Bayram günündə hədiyyəli müsabiqələr və yarışmalar da təşkil ediləcək. Kosa öz xurcununa bayram iştirakçılarının adları yazılan kağız parçalarını yığacaq və müsabiqədə adları çıxan bir neçə nəfərə “İsmabikes” velosipedləri hədiyyə olunacaq.
“Can Laçın” yarmarkasında tanınmış müğənnilərin iştirakı ilə konsert də keçiriləcək.
Qeyd edək ki, ilk dəfə “Can Laçın” yarmarkası Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təşkil olunub. (AZƏRTAC)