21.11.2024, 20:31
AZ EN
17.01.2024, 09:23 318

Laçın sakinləri də tarixi seçkilərə fərqli hislərlə hazırlaşır

ŞƏRQİ ZƏNGƏZUR
  • Ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edilib. Fevralın 7-ə  təyin olunan növbədənkənar prezident seçkiləri ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edəcək. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda 26 seçki məntəqəsi  yaradılıb. Laçında yaradılan seçki məntəqəsində işlər tam yekunlaşıb. Laçın sakinləri də tarixi seçkilərə fərqli hislərlə hazırlaşır.

Otuz illik ayrılıqdan sonra böyük zəfərimiz sayəsində öz doğma yurdlarına qayıdan laçınlıların sevincinin həddi-hüdudu yoxdur. Sürətlə yenidənqurma işləri aparılan Laçında azad seçki hüququndan istifadə etməsi üçün hər cür şərait yaradılır.

Laçın sakini, Azad Nəsibov:

-Biz artıq Laçındayıq, biz artıq Qarabağdayıq. Şükür bu günə. Burda tarixi günlər yaşamışıq, zəfərimizi qeyd eləmişik. İndi də şükürlər olsun ki, prezidentimizi seçməyə hazırlaşırıq. Bu əvəzsiz bir hissdir. 30 ildən sonra Qarabağda ilk dəfə ailə üzvlərimlə birlikdə səsvermədə iştirak edəcəyik.

Laçın sakini, Fuad Əsgərov:

-Biz ailə üzvlərimizlə birlikdə seçkilərdə iştirak edəcəyik. Bu, bizə qürur verir, fəxr hissi yaşadır. 30 il biz öz torpaqlarımıza həsrət qalmışıq, doğma yurd-yuvamızdan kənarda yaşamışıq. Buna baxmayaraq, Azərbaycanın hansı bölgəsində olur-olsun biz prezident seçkilərində iştirak etmişik.

Laçın sakini, Bəhruz Əhmədov:

-Çox qürurverici və fəxr ediləsi hissidir. Ona görə ki, biz doğma yurdumuzda, Laçında ilk dəfə olaraq ərazi bütüövlüyümüz bərpa olunandan sonra ailə üzvlərimizlə birgə öz prezidentimizi  seçəcəyik.

Sakinlər deyir ki, Böyük Qayıdış Proqramı çərçivəsində öz doğma yurduna, el-obasına qayıdan laçınlıların məşğulluğuna xüsusi önəm verilir. Qısa müddət ərzində burda həyatın yenidən canlanması, ora qayıdacaq vətəndaşların rifahının yüksəldilməsi istiqamətində mühüm tədbirlər görülüb.

1977-ci ildə doğma Laçında doğulan  Natiq Abbasov deyir ki, 30 il ayrılıqdan sonra öz doğma yurduna gəlmək, həm də seçkilərdə iştirak etmək onun heç yuxusuna da gəlməzdi:

-Çox şükürlər olsun ki, 30 ildən sonra yenə öz doğma yurdumuza qayıtmışıq. Hal-hazırda burda işləyirəm. Qürurvericidir ki, 30 ildən sonra ailəmizlə birgə bu seçkidə iştirak edəcəyik.

Qeyd edək ki, azad olunan ərazilərdə 26 seçki məntəqəsi təşkil edilib. Bu seçki məntəqələrində 22 minə yaxın seçici qeydə alınıb. Bu seçicilərin 3700  nəfəri həmin ərazilərə daimi yaşamaq üçün köçənlər, 18 min nəfərdən çoxu isə tikinti-quruculuq işlərində çalışan vətəndaşlardır.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər