22.11.2024, 01:46
AZ EN
08.01.2024, 17:51 296

Yenidən qurulan Laçın şəhərində də ilk dəfə seçki keçiriləcək

ŞƏRQİ ZƏNGƏZUR
  • Azərbaycanda ilk dəfədir Prezident seçkiləri bütün ölkə ərazisini əhatə edəcək. 7 fevral növbədənkənar prezident seçkiləri yenidən qurulan, abadlaşan Laçın şəhərində də keçiriləcək. Bəli, indi Laçın sakinləri bütövləşmiş Azərbaycan üçün ürəklərindəki zəfər səsinə səs verəcəklər.

Dəmir yumruq kimi birləşən xalqımız fevralın 7-si həmrəyliyimizi, bütövlüyümüzü, tamlığımızı, suverenliyimizi, müstəqilliyimizi sübut edəcək. Laçının  ən yaşlı sakinindən, ən gənc sakininə qədər hər kəs bu səs ətrafında birləşəcək.

Cəlal Yusifov:

-Mən Laçının 85 yaşlı sakiniyəm. Artıq Laçında səs verəcəm. Seçki məntəqələrinə gedəcəm və bu yaşımda 7 fevralda keçiriləcək növbədənkənar prezident seçkilərinə səs verəcəm. Mən ürəkdən istəyirəm ki, hamı bu seçkilərə qatılsın və səs versin.

Səfəralı Əliyev:

-Qoy Azərbaycan torpaqları bütövləşdiyi kimi, Azərbaycan seçkiləri də  bütövləşsin. Ərazilərimizin 20 faizdən çoxu işğal olunduğundan seçkilər də tam keçirilmirdi. Amma bu gün Azərbaycan bütövdür. Azərbaycanda bundan sonra keçirilən bütün seçkilər hamısı Azərbaycanın yüz faiz ərazilərində keçiriləcək. Həm prezident seçkiləri, həm parlament seçkiləri, həm də bələdiyyə seçkiləri. Bu seçkilərin hamısı bütün ərazilərimizdə keçiriləcək. Bu da Azərbaycan xalqı üçün böyük xoşbəxtlikdir ki, Azərbaycanın bütün ərazilərində seçkilər keçirilir və vətəndaşlar öz ata-baba torpaqlarında bu seçkilərdə iştirak edəcəklər. Biz də fevralın 7-də keçiriləcək prezident seçkilərində bütün ailə üzvlərimizlə birlikdə iştirak edəcəyik, səs verəcəyik.

Sevda Mirzəyeva:

-Biz birinci köçdə gəlmişik bura. Bu sevinci bizə yaşadanlar sağ olsunlar. Burda işimizlə məşğuluq. Evimiz, eşiyimiz, hər şəraitimiz var. Hər şey çox gözəldir. Bu il biz Laçında səs verəcəyik. Bu səsvermə bizim qələbə səsverməmiz olacaq.

Bəli, Laçın sakinləri bu səsverməni qələbə səsverməsi adlandırır. Ona görə ki, fevralın 7-si sözün hər iki mənasında bütün azərbaycanlılar elə bütövləşməmizə imzasını atacaqlar.

Şaban Əliyev:

-Xalq özü bilir kimə səs vermək lazımdır. Onun gələcəyə ümumi addımlarını kimlər apara bilər. Otuz il idi ki, biz Laçınsız idik. Yəni get-gedə ümidimizi itirirdik. Amma bu il doğrudan da dalbadal Laçında bu cür bayramların, şənliklərin keçirilməsi və 7 fevralda da növbədənkənar prezident seçkilərinin keçirilməsi, doğrudan da, bizim üçün bir bayram olacaqdır və böyük sevinc hisləri ilə həmin günü gözləyirik. Yəni 30 ildən sonra Laçında səsverməyi heç biz ağlımıza belə gətirə bilməzdik. Bu, bizim üçün çox böyük bir bayram olacaq ki, biz burda səs verəcəyik.

Cəmalə Əliyeva:

-Biz ilk köçənlərdənik. Biz hamımız ailəliklə 30 ildən sonra seçkilərdə iştirak etməyə hazırıq.

Qənirə Kazımova:

-Biz 7 fevralda növbədənkənar prezident seçkilərində ailəliklə hamımız gedib səs verəcəyik. Onu yaşayanlar bilər ki, bu necə bir sevincdir. Çox gözəl hissdir. Bizə bu sevinci kim yaşadıbsa,  ona səs verəcəyik.

7 fevral dünyaya bir daha səs salacağımız tarix olacaq. Amma bu dəfə bütöv Azərbaycan olaraq.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR