Bu barədə Zəngilan rayonu Ağalı kənd körpələr evi-uşaq bağçasının müdiri Gülnaz Mahmudova deyib.
Onun sözlərinə görə, Ağalı kəndinə böyük qayıdışdan sonra kimin hansı sahə ilə məşğul olması, təhsili barədə kənddə sorğu keçirilib: “Bu, sakinlərin işlə təmin olunması üçün lazım idi. Kimin hansı peşənin sahibi olduğu ayırd edildi, müvafiq işlə təmin olundular. Bu zaman mən də bura direktor təyin edildim”.
G.Mahmudova bildirib ki, hazırda bağçada 38 uşaq, 11 nəfər işçi var: “İşçilərimizin hər biri Ağalı sakinidir. Bağçanın fəaliyyəti körpələrə, eyni zamanda burada yaşayan əhalinin məşğulluğuna fayda verir. Bağçanın aşpazı Firəngiz xanım işğaldan əvvəl də, indi də burada fəaliyyət göstərir”.
Direktor vurğulayıb ki, hazırda bağçada yeni il bayramı əhvali-ruhiyyəsi var: “Uşaqlarla birgə həvəslə yeni ilə qədəm qoymaq üçün hazırlaşırıq. Körpələr bayram şənliyində oxumaq üçün maraqlı mahnılar, şeirlər öyrənirlər. Bizlərə bu sevinci bəxş edən, Ağalıya və digər işğaldan azad edilmiş ərazilərimizə yeni nəfəs olmaq üçün öz canından keçən bütün şəhidlərimizi rəhmət və hörmətlə anırıq”. (Report)