22.11.2024, 00:43
AZ EN
11.11.2023, 12:26 209

7 nəfərlik ailəsi ilə Laçına qayıdan sakin: “Şəraitdən məmnunuq, heç bir problemimiz yoxdur”

ŞƏRQİ ZƏNGƏZUR
  • “Yeddi yaşımda Laçından didərgin düşdüm. 31 ildən sonra 7 nəfərlik ailə üzvümlə doğma yurduma qayıtdım. Burada yaradılan şəraitdən məmnunam, heç bir problemimiz yoxdur”.

Bunu açıqlamasında rayonun Qarıkahası kənd sakini Xəyal Cəfərov deyib.

O, 1985-ci ildə Laçın rayonu Qarıkahası kəndində anadan olub. Laçın sakini xatırladıb ki, kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunanda 7 yaşında idi.

Həmsöhbətimiz artıq 7 nəfərlik ailə üzvü ilə Laçına qayıdıb. “Məcburi köçkün olduğumuz illərdə 3 dəfə yaşayış yerimizi dəyişmişdik. Əvvəl Bərdə, sonra Mingəçevir, daha sonra isə Xırdalanda məskunlaşdıq. Bu gün çox sevinirəm ki, dördüncü köçümüz doğma Laçınımıza oldu”, - X.Cəfərov vurğulayıb.

X.Cəfərovun 4 qızı, 1 oğlu var və o, uzun illərdən sonra doğma Laçın şəhərinə ailə üzvləri ilə qayıtmağın sevincini yaşayır: “Mənim bundan xoşbəxt günüm ola bilməz. Bu gün o qədər sevincliyəm ki... Mənim uşaq yaşlarında tərk etdiyim ata yurdumun bu gözəlliklərini, saflığını mənim övladlarım doya-doya yaşayacaq”.

O, 31 illik ayrılıqdan sonra doğma yurduna dönməyi ilə bağlı həm həyəcanlı, həm də sevincli anlar yaşayır və buna görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan Ordusuna, bu yolda canlarından keçən şəhidlərimizə minnətdar olduğunu vurğulayıb: “Bir müddət əvvəl Laçına köçmüşük. Çox sevinirəm və bu gözəl anların həyəcanını yaşayıram. Uşaqlarımın burada sərbəst, qorxusuz, təhlükəsiz şəraitdə yaşaması mənə qürur verir. Bu sevincli günləri bizlərə yaşadan hər kəsdən - Ali Baş Komandandan, Azərbaycan Ordusunun şəxsi heyətindən, vətən deyib şəhadətə yüksələn şəhidlərimizin ruhundan halallıq istəyirəm”.

X.Cəfərov işğaldan azad olunduqdan sonra Laçına ilk səfərinin 2022-ci ildə baş tutduğunu xatırladıb: “O vaxt burada təxminən 3 ay qaldım. Yol yorğunu olmağıma baxmayaraq, quru otların üzərində yatırdım. Bəlkə də inandırıcı görünməyəcək, amma həmin dövrdə yataq dəstindən istifadə etmədim”.

X.Cəfərov uzun illərdən sonra ilk dəfə məhz həmin vaxt ruhunun dinclik tapdığını vurğulayıb: “Buradan qayıtdıqdan sonra isə ailəmlə geri dönəcəyim günü səbirsizliklə gözləyirdim. 5 yaşlı oğlum daxil olmaqla, ailəmin hər bir üzvü çox xoşbəxtdir”.

Laçına köçdükdən sonra əmək fəaliyyətindən söz açan müsahibimiz bu məsələdə dövlətin çox böyük dəstək göstərdiyini söyləyib. Lakin o, əmək fəaliyyəti ilə bağlı özünün də planlar qurduğunu əlavə edib: “Ən əsası yaşayış evinin olmasıdır. Allaha şükürlər olsun ki, dövlətimiz bizi evlə təmin edib. Əlbəttə ki, mənim dövlətə inamım və güvənim sonsuzdur. Doğrudur, insanların rifahlarının daha da yaxşılaşdırılması üçün əlavə tədbirlər görüləcək. Amma fikrimcə, “hər şeyi dövlət etməlidir” düşüncəsi yanlışdır. Çünki hər kəs dövlətə dəstək olmalıdır. Bundan sonra daha çox çalışacağam ki, ailəmin tələbatlarını ödəyə bilim”.

X.Cəfərov sonda vurğulayıb ki, övladlarının Laçın torpağına bağlılıqlarını, onların bu yerləri sevdiklərini görmək onu fərəhləndirir. (Report)

Oxşar xəbərlər