O, deyib ki, hazırda Laçın rayonunda daimi 4 həkim, 5 orta tibb işçisi fəaliyyət göstərir, digərləri isə rayona ezam olunanlardır.
"Laçın rayonunda ilk tibbi fəaliyyətimiz may ayında, elə ilk köç prosesi zamanı başlayıb. Onda yalnız təcili və təxirəsalınmaz tibbi yardım briqadası fəaliyyət göstərirdi. Sonra modul tipli Laçın Ailə Sağlamlıq Mərkəzi fəaliyyətə başladı. Mərkəz fəaliyyətə başladıqdan sonra buraya işçilər götürüldü. Həkim və tibbi bacısı kollektivi orada işə başladı, hansı ki, onların arasında Laçına köçüb yaşayanlar da var. Bu yaxınlarda isə bir nəfər təcili yardım və ultrasəs müayinəsi həkimi işə götürülüb. Digər həkim kadrlara, o cümlədən pediatr və terapevtlərə ehtiyac var. Amma məsələ burasındadır ki, hələ xəstəxana hazır deyil", - O.Cəbrayıl qeyd edib.
Direktor bildirib ki, hazırda xəstəxanada son tamamlama işləri gedir: "Xəstəxana fəaliyyətə başladıqdan sonra cərrah, cərrah-travmatoloq, oftalmoloq, nevroloq, kardioloq, dəri-zöhrəvi və digər ixtisaslar üzrə həkimlərə ehtiyac olacaq. Müraciətlər var və onları dəyərləndirəcəyik. Müraciət olmayan ixtisas üzrə də axtarışdayıq və məqsədimiz onları bura cəlb etməkdir. Amma bütün bunlar xəstəxanada işlər yekunlaşdıqdan sonra olacaq". (Report)